Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sosial sığorta sahəsində göstərilən elektron xidmətlərin sayı 25-ə çatdırılacaq


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə səmərəli idarəetmə sahəsindəki fəaliyyəti beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir.

Belə ki, Dünya Bankı Azərbaycan Hökuməti ilə əməkdaşlığının 20 illiyi münasibətilə Dövlət Sosial Müdafiə Fondunu "Müasir kompüter texnologiyalarının imkanlarından istifadə etməklə köhnəlmiş iş metodlarından yeni iş metodlarına keçid" nominasiyası üzrə xüsusi sertifikata layiq görüb. "ICTnews" elektron xəbər xidmətinə bu barədə fondun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev məlumat verib.

Onun sözlərinə görə, bundan öncə isə Avropa Sosial Təminat Forumunda Dövlət Sosial Müdafiə Fondu "Avropanın uğurlu təcrübəsi" müsabiqəsinin "İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarəetmə" nominasiyası üzrə Avropa qalibi elan edilmişdi: "Xüsusi vurğulamaq yerinə düşər ki, 2013-cü ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu əhaliyə göstərdiyi elektron xidmətlərin siyahısını genişləndirəcək.

Belə ki, hazırda əhaliyə göstərilən 20 növ elektron xidmətin sayının artırılaraq 25-ə çatdırılması nəzərdə tutulur. Yeni elektron xidmətlərin sırasına dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin onlayn qəbulu, ailə kəndli təsərrüfatının və kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin onlayn uçota alınması, dəfn üçün müavinətin ödənilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin, hamiləliyə, doğuma və uşağa qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi və s. daxildir".

Dövlət Sosial Müdafiə Fondunun rəsmi internet informasiya ehtiyatında (http://www.sspf.gov.az/eservices/) yerləşdirilən mövcud elektron xidmətlərdən istifadə edənlərin sayında da artım müşahidə olunmaqdadır. Artım daha çox məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənilməsi xidməti üzrə qeydə alınıb. İyun-noyabr ayları ərzində 21 544 sığortaedən tərəfindən 57 059 əməliyyat həyata keçirilərək cəmi 4 940 775, 13 manat məbləğində məcburi dövlət sosial sığorta vəsaitinin onlayn ödənişi həyata keçirilib.

Hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, torpaq pay mülkiyyətçilərinin və digər şığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə fondun orqanlarına ("Kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi"nə (KÖMİS) qoşulmuş Dövlət Xəzinədarlıq Agentliyinin orqanları üzrə) ödənişlərinin real vaxt rejimində qəbulu davam etdirilməkdədir.

Artıq Dövlət Sosial Müdafiə Fondunun 36 yerli orqanı üzrə 227 659 sığortaedən haqqında məlumat KÖMİS sisteminə inteqrasiya olunub. Hesabatların və məlumatların sığortaedənlər tərəfindən elektron formada təqdim olunması ilə bağlı 1 dekabr 2012-ci il tarixə elektron ərizə ilə müraciət etməklə qeydiyyatdan keçmiş 12 607 sığortaedən unikal kod, parol və şifrə ilə təmin edilib. Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi digər elektron xidmətlərə də müraciət edənlərin sayı artmaqdadır.

Bu sırada xüsusilə "Sığortaolunanlar tərəfindən məlumatların əldə edilməsi" adlı müasir məlumatlandırma sistemi qeyd olunmalıdır. Xidmət hər bir vətəndaşa onun üçün açılmış fərdi şəxsi hesabında qeydə alınan pensiya kapitalı barədə məlumat almaq imkanı yaradır.

HƏQİQƏT




20/12/12    Çap et