Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet seqmentinin ən yaxşıları bəlli oldu


Milli İnternet Mükafatı – “Milli Net 2012” qaliblərinin adlarını açıqlayıb. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, sözügedən müsabiqə 4 ay müddətində davam edib. Yarışmanın şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edilib və uğurla başa çatdırılıb.

Təşkilatdan bildirilib ki, müsabiqə getdikcə təkmilləşir və nüfuzu genişlənib. AİF-in prezidenti Osman Gündüz məsələ ilə bağlı danışarkən müsabiqəyə dəstək verən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “Azercell”, “Delta Telekom”, “SAZZ” və “İnfiPro” şirkətlərinə minnətdarlığını bildirib. Nəticələrin açıqlanması ilə bağlı keçirilən təqdimat mərasimində RİTN-in şöbə müdiri İsfəndiyar Əliyev çıxış edərək Azərbaycan internetinin inkişafı istiqamətində Milli İnternet Mükafatının rolunu müsbət dəyərləndirib və bu cür tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

O, ölkədə internetin və ümumiyyətlə, İKT sektorunun inkişafı istiqamətində son dövrlərdə ciddi addımlar atıldığını qeyd edib . Təqdimat mərasimində “Azercell” şirkətinin mətbuat qrupunun rəhbəri Anar Cahangirli “Milli Net” müsabiqəsinin ölkədə internetin və bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib. Yarışmanın ədalətli və obyektiv olmasına diqqət yönəldib. İnternetin inkişafında maraqlı olduqlarını və gələcəkdə də bu istiqamətdə atılan addımlara dəstək verəcəklərini bildirib. Sonra qaliblərə mükafatların təqdim edilməsinə start verilib.

Mükafatların təqdim edilməsində internet ictimaiyyətinin nümayəndələri, İKT sahəsində fəaliyyət göstərən dövlət və özəl sektorun, təhsil müəssisələrinin nümayəndələri, “Milli Net” təşkilatçıları iştirak edib. Onlar çıxış edərək “Milli Net”in Azərbaycan internetinin inkişafında ciddi əhəmiyyət daşıdığını və müsabiqənin davamlı olmasını arzuladıqlarını bildiriblər.

Qaliblərə “Milli Net”in əsas mükafatlarından və diplomlardan əlavə, “Azercell” və “SAZZ” şirkətlərinin DATA kartları və “İnfiPro” şirkətinin “iPAD-ləri təqdim olunub. Təqdimat mərasimi qaliblərin birgə şəkil çəkdirməsi və furşetlə başa çatıb.

SEYMUR




21/12/12    Çap et