Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yükdaşıyan robot səsə reaksiya vermək bacarığına yiyələnib (VİDEO)


ABŞ-ın Müdafiə Nazirliyinin Perspektiv Tədqiqat Layihələri Agentliyinin (DARPA) hazırlaması olan dördayaqlı "LS3" (Legged Squad Support System) yükdaşıyan robot səs əmrlərinə reaksiya vermək, yerə yıxıldıqdan sonra dərhal qalxmaq, mürəkkəb şəraitə malik ərazilərdə hərəkət etmək və insanı izləmək kimi bacarıqlara yiyələnib.

Bu barədə "DARPA"-nın dekabrın 19-da dərc edilmiş press-relizində qeyd edilib. "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "LS3" robotu ABŞ Dəniz Piyada Qoşunları Korpusunun tədqiqat laboratoriyası ilə əməkdaşlıq çərçivəsində 2 həftə müddətində Virciniya ştatında yerləşən meşəlik ərazidə sınaqdan keçirilib. Sınaqlar zamanı robot meşəlik ərazidə operatoru təqib edərək onun "LS3, işə başla" və "LS3, mənimlə" kimi əmrlərini yerinə yetirmiş, dağa qalxmış, çayı keçmiş və müxtəlif maneələri dəf etmişdir.

Məlumat üçün bildirək ki, "LS3" robotunu "Boston Dynamics" şirkəti hazırlayıb. Hərbçilər onu yükdaşıyan qatır kimi istifadə edə və 180 kiloqram ağırlığında yükü 32 kilometr məsafəyə qədər daşıya bilər.

Bundan başqa, "LS3" robotu vasitəsilə yığcam qurğuları enerji ilə doldurmaq mümkündür. "LS3" robotu video və audio datçik dəsti sayəsində sahibini izləyə, maneələri dəf edə bilər.

Emil Hüseynov




21/12/12    Çap et