Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ƏƏSMN-də elektron xidmətlərlə bağlı geniş müzakirələr aparılıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. Nazirlikdən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimovun sədrliyi ilə keçən iclasda bu dövlət orqanının struktur bölmələrinin və İctimai Şuraya üzv olan qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edib.

İ.Rəhimov «Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı» və «Açıq Hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planı»nda müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tədbirlər Planı hazırlandığını deyib.

Qeyd olunub ki, İctimai Şuranın budəfəki iclası həmin Tədbirlər Planının ictimai dinləməsinə həsr olunub. İclasda nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri, İctimai Şuranın üzvü Elnur Sultanov «Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı» və «Açıq Hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planı»nda müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı nazirlik tərəfindən hazırlanan Tədbirlər Planı, habelə Aktiv Sosial Yardım Proqramları: «Özünədəstək» layihəsinin monitorinqinin nəticələri barədə məlumat verib. Həmçinin nazirliyin İnformasiya texnologiyaları qrupunun rəhbəri Məmməd Aslanovun nazirlik tərəfindən göstərilən təkmilləşdirilmiş elektron xidmətlər, Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimovun «Əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılmasına dair Standart Qaydaların hazırlanması» layihəsi barədə təqdimatlarla çıxış ediblər.

İclasda qeyd olunan məsələlərlə bağlı geniş müzakirələr aparılıb, təkliflər irəli sürülüb.

SEYMUR




22/12/12    Çap et