Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron məktəb” layihəsinə yeni məktəblər cəlb olunacaq


Təhsil naziri Misir Mərdanov “Elektron məktəb” layihəsinə yeni məktəblərin cəlb olunması barədə əmr imzalayıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, əmr respublika prezidentinin 10 iyun 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası üzrə Təhsil Nazirliyinin 19 avqust 2008-ci il tarixli Əmri ilə təsdiq edilmiş Fəaliyyət Planının 13.2 və 13.3-cü bəndlərinin icrası məqsədilə verilib.

Əmrə əsasən, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən “Elektron məktəb” layihəsini tətbiq etmək üçün seçilmiş əlavə 11 təhsil müəssisəsinin siyahısı təsdiq ediləcək. Layihəyə yeni cəlb olunmuş təhsil müəssisələrində vahid informasiya mühitinin yaradılmasını nəzərdə tutan elektron məktəb modelinin strukturunun, iştirakçılarının, proqram-texniki təminatının və qarşılıqlı fəaliyyət mexanizminin müəyyən edilməsi təmin ediləcək.

Bundan başqa, “Elektron məktəb” sisteminə qoşulan yeni təhsil müəssisələrinin vahid informasiya mühitinin yaradılması və fəaliyyət göstərməsi üçün zəruri olan avadanlıqlar (noutbuk, proyektor, interaktiv lövhə və s.) və proqram təminatı ilə təchiz olunması təmin ediləcək.

Bakı və digər şəhər/rayonlarda “Elektron məktəb” sisteminə qoşulan pilot məktəblərdə çalışan kadrların (pedaqoji, inzibati, texniki və s.) İKT sahəsində bilik və bacarıqlarının artırılması üçün tədbirlər görsün və əlavə kursların təşkil olunması da təmin olunacaq. Sistemə qoşulan pilot məktəblərdə yüksəksürətli fiber-optik İnternet və İntranet bağlantıları təmin ediləcək.

Təhsil müəssisələrinin “Elektron məktəb” layihəsinə cəlb olunması prosesinin 2012-2013-cü tədris ilində başa çatması təmin olunacaq. Əmrdə həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, İsmayıllı, Ağstafa, Tovuz və Şamaxı rayon Təhsil şöbələrinə tapşırılıb ki, Təhsil Nazirliyinin Fəaliyyət Planına uyğun olaraq Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə müqavilə əsasında “Elektron məktəb” layihəsinə qoşulan pilot təhsil müəssisələrinin vahid informasiya mühitinin yaradılmasını və fəaliyyəti sahəsində çalışan təşkilatlara lazımi köməklik göstərilməsini və şərait yaradılmasını, bu təhsil müəssisələrində çalışan kadrların (pedaqoji, inzibati, texniki və s.) layihədə fəal iştirakı və onların üzərinə düşən bütün vəzifələrin yerinə yetirilməsini təmin etsinlər.

Həmçinin “Elektron məktəb” layihəsinə cəlb olunan ümumtəhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, məktəblərdə vahid informasiya mühitinin yaradılması və fəaliyyəti sahəsində çalışan təşkilatlara lazımi köməklik göstərilsin və məktəbdə çalışan kadrların (pedaqoji, inzibati, texniki və s.) layihədə fəal iştirakını təmin etsinlər. Əmrin icrasına nəzarəti isə təhsil naziri öz üzərinə götürüb.

HƏQİQƏT




24/12/12    Çap et