Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Stiv Cobsun yaxtasına qoyulmuş həbs götürülüb
Hollandiya hakimiyyəti Stiv Cobs üçün quraşdırılmış "Venus" (Venera) yaxtasının üzərinə qoyulmuş həbsi götürüb. 80 metrlik gəmini layihələşdirmiş dizayner Filipp Stark ilə "Apple" banisinin varisləri arasındakı mübahisə yoluna qoyulandan sonra bu məsələ tezliklə öz həllini tapıb.
Xatırladaq ki, ötən həftə dizayner Starkın xahişi ilə yaxtanın üzərinə həbs qoyulmuşdu. O bildirmişdi ki, xidmət haqqı tam ödənilməyənədək "Venus" limanda qalacaq.
"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, bir neçə gündən sonra hər iki tərəf razılığa gəldi. "Apple" banisinin varislərinin maraqlarını təqdim edən vəkil Fransanın "Le Monde" qəzetinə belə bəyanat verib. Razılaşmanın şərtləri barəsində məlumat yoxdur.
Məlumat üçün bildirək ki, yaxtanın tikintisinə 2007-ci ildə start verilib və 2012-ci ilin oktyabrında onun üzərində aparılan işlər başa çatıb.
Layihənin ümumi qiyməti 105 milyon avro həcmində qiymətləndirilir. Gəminin 80 metr uzunluğunda korpusu alüminiumdan, böyük pəncərələri isə şüşədən hazırlanıb. Naviqasiya və idarəetmə sistemi üçün 27 düymlü "iMac" monobloklardan istifadə olunur.
Emil Hüseynov
25/12/12 Çap et