Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvan Dövlət Universitetində elektron zəngin tətbiqinə başlanılıb


Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat və Tarix-filologiya fakültələrində elektron zəngin tətbiqi mərasimi keçirilib.

“ICTnews” elektron xəbər xidmətinin NDU-ya istinadən verdiyi məlumata görə, mərasimi giriş sözü ilə universitetin rektoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli açaraq, universitetdə “distant təhsil”, "elektron cəmiyyət" və "elektron hökumət" yaradılması istiqamətində görülən işlərdən, rəhbərlik etdiyi ali təhsil müəssisəsində elektron təhsilin reallaşdırılması istiqamətində atılan mühüm addımlardan danışıb. Rektor, universitetdə keçirilən birinci tələbə elektronika sərgisi haqqında məlumat verərək səmərələşdirici ixtiraların həyata keçirilməsi, tələbələrdə elmi-texniki təfəkkürü inkişaf etdirmək və praktiki vərdişlər aşılamaq baxımından sərgini yüksək qiymətləndirib.

İ.Həbibbəyli qeyd edib ki, bu sərgidə nümayiş etdirilən “Elektron zəng”in Fizika-riyaziyyat və Tarix-filologiya fakültələrində tətbiq olunmasına qərar verilib və elektronika sərgisində nümayiş etdirilən digər nümunələrin də universitetdə tətbiqi nəzərdə tutulub. Universitetin məzunu, indi isə Rabitə və informasiya texnologiyaları kafedrasının müəllimi olan Heydər Xəlilovun ixtira etdiyi elektron zəng başqa fakültələrdə də tətbiq olunacaq.

Rabitə və informasiya texnologiyaları kafedrasının müəllimi Heydər Xəlilov iştirakçıları elektron zəng ilə tanış edərək vurğulayıb ki, yeni elektron zəng CCS proqramında, Azərbaycan dilində və menyusu çox sadə olmaqla zəng saatını və həftənin gününü müəyyən edir. Üstünlüyü ondan ibarətdir ki, işıq sönəndə saat itmir və olduğu kimi qalır, ildə bir dəfə quraşdırılır. Şənbə və bazar günlərindən başqa, bütün tədris günlərində elektron zəng avtomatik şəkildə işə düşür.

Fizika-riyaziyyat fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri namizədi Tofiq Nəcəfov, Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərov və tələbələr çıxışlarında elektron zəngin tətbiq olunmasını universitetin həyatında yenilik olduğunu vurğulayıblar. Sonda universitetin rektoru, akademik İsa Həbibbəyli Rabitə və informasiya texnologiyaları kafedrasının müəllimi Heydər Xəlilova pul mükafatı təqdim edib və elektron zəng işə salınıb.

CAHANGİR




26/12/12    Çap et