Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-ın xüsusi xidmət orqanları özəl şəbəkələri izləməkdə ittiham edilib
2010-cu ildən etibarən infrastruktur obyektlərini terror təhlükələrindən qorumaq üçün "Perfect Citizen" məxfi proqramını tətbiq edən Milli Təhlükəsizlik Agentliyi (MTA) ABŞ və digər ölkələrdə qapalı kompüter şəbəkələrini izləyə bilər. Bu layihənin detallarını açıqlayan sənədlər "Electronic Privacy Information Center" hüquq müdafiə təşkilatının əlinə keçib.
"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, MTA "Perfect Citizen" layihəsinin mövcud olmasını 2010-cu ilin yayında təsdiqləyib. Xüsusi xidmət orqanları proqramı tədqiqat layihəsi adlandıraraq onun zəruriliyini vacib infrastrukturun təhlükəsizliyini qiymətləndirmək istəyi ilə izah ediblər. Vətəndaşların şəxsi həyatına müdaxilə edilməsilə bağlı söylənilən ittihamlar inkar edilirdi.
Açıq girişdə dərc edilən sənədlərə əsasən, "Perfect Citizen" layihəsinin məqsədi elektrik stansiyaları, qaz kəmərləri və digər infrastruktur obyektlərinin, həmçinin milli maraqlara xidmət göstərən özəl sektor şirkətlərinin kompüter şəbəkələrini haker hücumlarından müdafiə etməkdir.
Belə ki, MTA "SCADA"-nı (texnoloji proseslərə nəzarət etmək üçün mərkəzləşdirilmiş sistem) izləmək hüququna malikdir. Qeyd edək ki, "Perfect Citizen" layihəsi yalnız müdafiə üçün deyil, həm də digər ölkələrin infrastruktur obyektlərinə hücum məqsədilə istifadə edilə bilər. Daha əvvəl MTA "Stuxnet" virusunun arxasında dayanmaqda ittiham edilmişdi. Həmçinin "Perfect Citizen" layihəsinin həyata keçirilməsinə 91 milyon dollar xərcləndiyi məlum olub.
Emil Hüseynov
27/12/12 Çap et