Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

NDU-da informasiya sistemlərinin idarə olunmasına dair təlim kursu təşkil olunub


Naxçıvan Dövlət Universitetində Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının "Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi" layihəsi çərçivəsində həyata keçirdikləri növbəti təlim kursu yekunlaşıb.

"ICTnews" elektron xəbər xidmətinin NDU-ya istinadən verdiyi məlumata görə, "İnformasiya sistemlərinin idarə olunması" mövzusuna həsr olunmuş beşgünlük təlim kursu Azərbaycanda təhsil işçiləri üçün bu mövzuda təlimlərin təşkilində zəngin təcrübəyə malik "Mədəd" təşkilatı tərəfindən reallaşdırılıb.

Təlim kursunun yekununda universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək vurğulayıb ki, muxtar respublikada müasir informasiya texnologiyalarının tətbiqinə, bu istiqamətdə yüksəkixtisaslı mütəxəssis hazırlığına göstərilən diqqət və qayğı Naxçıvan Dövlət Universitetində də özünü bariz şəkildə göstərir: "Universitetin müasir informasiya texnologiyalarından istifadə, dünya universitetləri ilə çoxsaylı virtual əlaqələr qurması, elektron universitet və elektron təhsil layihələrinin həyata keçirilməsi istiqamətində qazandığı əhəmiyyətli uğurlar bu qayğının real bəhrələridir.

Beynəlxalq ekspertlər tərəfindən təşkil olunan təlim kursu isə informasiya texnologiyaları sahəsində yerli kadr hazırlığı, təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir". Beynəlxalq ekspert, "Boulder Media Corparation"un təmsilçisi Even Jahr və "Mədəd" təşkilatının koordinatoru Məryəm Cabbarova təlimin yüksək səviyyədə təşkilindən, iştirakçıların fəal şəkildə diskussiyada iştirak etmələrindən razılıqlarını bildirib, Naxçıvandan, eləcə də universitet kollektivindən xoş təəssüratlarla ayrılacaqlarını söyləyiblər.

Məlumat verilib ki, təlim kursu müddətində informasiya sistemlərinin idarə olunması üzrə çalışan informasiya texnologiyaları üzrə mütəxəssislərə və menecerlərə informasiya sistemlərinin istismarı, informasiya sistemlərindən istifadə yolu ilə işin daha səmərəli təşkil olunması ilə bağlı nəzəri biliklər və praktiki vərdişlər öyrədilib.

Təlim kursunda müxtəlif dövlət strukturlarında çalışan mütəxəssislər, universitet əməkdaşları və müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr iştirak edib, yekunda qiymətləndirmə aparılıb. Tədbirin sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

CAHANGİR




27/12/12    Çap et