Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kompüter insidentlərinə qarşı mübarizə mərkəzi xəbərdarlıq edir


Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən Kompüter insidentlərinə qarşı mübarizə mərkəzi e-maillərdən istifadə edənlərə xəbərdarlıq edib.

"Mail.ru"-da olan e-mail ünvanınızın məxfiliyinə əminsinizmi?!" sualı ilə başlayan xəbərdarlıqda bir sıra qaranlıq məqamlara da aydınlıq gətirilib.

Sözügedən mərkəzdən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, "AkaStep" kod adlı şəxsin apardığı tədqiqat və testlər nəticəsində, "mail.ru" agentlərinin istifadəçilərin e-mail ünvanlarına daxil olub konfidensiallığa zidd olaraq istifadəçilərin məktublarını oxuduğu müəyyən olunub. Adıçəkilən şəxs snifferlə "mail.ru" ünvanını test edərkən istifadəçinin "offline" olmasına baxmayaraq, snifferdə göndərilən məktubları yoxlayan "əlavə_2"-də göstərilən İP ünvan qeydiyyata düşüb. İP ünvanın yoxlanılması nəticəsində, İP ünvanın "mail.ru"-ya aid olduğu müəyyənləşdirilib .

«Bu da "mail.ru" agentlərinin, istifadəçilərin e-mail ünvanlarına daxil olub konfidensiallığa zidd olaraq istifadəçilərin məktublarını oxuması barədə olan səs-küylü açıqlamaları bir daha təsdiq etmiş olur. Nəzərinizə çatdıraq ki, hazırda Azərbaycanda təxminən 957 min istifadəçi hesabının olması müəyyənləşdirilib» .

Kompüter insidentlərinə qarşı mübarizə mərkəzi bu kimi halların bir çox mail xidməti verən şirkətlərdə rastlanan hal olduğunu nəzərə alaraq tövsiyə edir ki, istənilən mail xidmətindən istifadə zamanı konfidensial materialların göndərilməsində PGP və oxşar şifrələmə vasitələrindən istifadə edilməlidir.

SEYMUR




27/12/12    Çap et