Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan ilə Misir arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi ilə əlaqədar poçt markası buraxılıb


Azərbaycan ilə Misir arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi ilə əlaqədar olaraq poçt markası buraxılıb. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə AR Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, poçt markası ölkəmizin Misirdəki səfirliyinin təşəbbüsü ilə hər iki ölkənin Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri tərəfindən birgə şəkildə hazırlanıb.

Diplomatik əlaqələrin qurulmasının 20 illiyini rəmzləşdirmək məqsədi daşıyan birgə poçt markası bu ilin noyabr ayında Azərbaycana səfəri zamanı Misirin Rabitə və informasiya texnologiyaları naziri Həni Mahmud və Azərbaycanın Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən imzalanıb.

«İki ölkə arasındakı diplomatik əlaqələrin 20 illik dövrü əhatə etməsinə baxmayaraq, xalqlarımız arasındakı əlaqələrin dərin tarixi köklərə malik olduğunu bir daha nümayiş etdirmək üçün birgə poçt markasında Qız Qalası, İçərişəhər, Misir Ehramları, Sfinks, Qobustan divar rəsmləri və Misir heroqliflərinin şəkil elementləri öz əksini tapıb».

Qeyd edək ki, birgə hazırlanan poçt markası hər iki dövlətin poçt rabitə xidmətində rəsmi dövriyyə statusuna malikdir.

SEYMUR




28/12/12    Çap et