Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2013-cü ildə gözlənilən təhlükələr
"McAfee" antivirus şirkəti istifadəçilərin 2013-cü ildə qarşılaşa biləcəyi təhlükələrin siyahısını tərtib edib. Ekspertlərin fikrincə, 2013-cü ildə mobil qurğu və yeni platformalara ediləcək hücumlardan, kiber fırıldaqçılardan, həmçinin sifarişli hakerlərdən ehtiyat etmək lazımdır.
"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, mobil qurğularla bağlı hücumlar artıq bir neçə ildir ki, kibertəhlükələrin əsas mövzusunu təşkil edir. "McAfee" mütəxəssisləri hesab edir ki, 2013-cü ildə onların sayı daha da artacaq. Məsələn, zərərli proqramlar "NFC" texnologiyası vasitəsilə "ağıllı" telefonlara daxil olmağı "öyrənəcək". Məlumat üçün qeyd edək ki, "NFC" texnologiyası qurğunu məsafədən işləyə bilən bank kartına çevirən kontaktsız texnologiyadır.
Bu sistem telefonu "oxuyan" terminala söykəməklə satınalmanın pulunu ödəməyə imkan yaradır. "McAfee" mobil hücumların artması ilə yanaşı, 2013-cü ildə ödəmə tələb edən proqramların peyda olacağını proqnozlaşdırır. Onların özəlliyi sistemə giriş imkanını tamamilə blok etməsindədir. İstifadəçi tələb olunan məbləği ödədikdən sonra blok aradan qaldırılır.
Əgər istifadəçi fırıldaqçıların tələbini yerinə yetirməkdən imtina etsə, o zaman smartfonundakı bütün informasiya silinəcək. Üzümüzə gələn ildə kibercinayətkarlar, həmçinin yeni platformalarla (məsələn, "Windows 8" əməliyyat sistemi və "HTML5" standartı) ilə maraqlanacaq. 2013-cü ildə, həmçinin "Stuxnet" və ya "Flame"-ə oxşar "sənaye" viruslarının artması gözlənilir.
Emil Hüseynov
29/12/12 Çap et