Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron məlumat bazasından ilk növbədə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sistemi bəhrələnəcək


Elektron məlumat bazası icra və qanunvericilik orqanlarının strukturlarını, məhkəmələri, bankları, fiziki və hüquqi şəxsləri, bələdiyyələri qanunvericilikdə müəyyən edilmiş qaydalar çərçivəsində dövlət tərəfindən mövcudluğu tanınmış kadastr uçotu obyektləri barədə dolğun kadastr məlumatları ilə təchiz edəcək. Bu baza həmçinin ölkədə ünvan, əhali, hüquqi şəxslərin reyestri ilə informasiya mübadiləsi aparmağa, onlara daşınmaz əmlak obyektləri ilə bağlı kadastr informasiya dəstəyi verməyə imkan yaradacaq.

"ICTnews" elektron xəbər xidmətinə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) bildirilib ki, məlumat bazasından, ilk növbədə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sistemi bəhrələnəcək. Məlumatların elektron şəkildə mövcudluğu mülkiyyət üzərində hüquqların qeydiyyatı sisteminin sadələşdirilməsinə şərait yaradacaq, daha çox sayda hüquqların dövlət tərəfindən tanınmasına və qorunmasına zəmanət verəcək.

Eləcə də Daşınmaz Əmlakın Kadastrı, Qeydiyyatı və İdarə Edilməsi İnformasiya Sisteminin (DƏKQİİS) təşkili yaxın gələcəkdə vətəndaşlarımızın daşınmaz əmlak bazarında apardığı əməliyyatlar zamanı üzləşdikləri vaxt itkisi ilə bağlı problemlərinin aradan qaldırılmasına imkan verəcək. Bir sözlə, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasının yaradılması, elektron xidmətlərin təşkili, bütövlükdə "Elektron hökumət" sistemində fəaliyyət baxımından daşınmaz əmlakın vahid kadastrı, qeydiyyatı və idarə edilməsinə dair elektron sistem əvəzsiz mənbə rolunu oynayacaq: "Ünvan reyestrinin tərtibi və aparılması da əmlak idarəetməsində çox böyük praktiki əhəmiyyət kəsb edən məsələdir. Ölkə ərazisində ünvan reyestrinin aparılması üçün qabaqcıl dünya ölkələrinin təcrübəsi və müasir informasiya-kommunikasiya texnologiyaları əsasında avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiq edilməsinə zərurət yaranır.

Bu məqsədlə ƏMDK ünvan reyestrinin tərtibi və aparılması sahəsində qabaqcıl dünya ölkələrinin təcrübələrinin öyrənilməsi, əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində mühüm işlər görür. Belə ki, ünvan reyestrinin yaradılması işinin vacibliyini nəzərə alaraq Norveç Krallığının "Statens Kartverk" təşkilatı ilə "Azərbaycanda ünvan reyestrinin informasiya sisteminin yaradılması" qrant layihəsinin icrası Azərbaycan hökuməti tərəfindən məqsədəuyğun hesab edilib". Layihənin ümumi məqsədi ünvan məlumatlarının daxil edilməsi, saxlanılması və istifadəçilərə yayılması üçün istifadə olunacaq Ünvan Reyestri İnformasiya Sisteminin yaradılmasıdır.

Ünvan reyestrinin tərtibi və aparılması, eləcə də ünvan lövhələrinin yerləşdirilməsi nəticəsində ünvanlar haqqında istənilən anda müfəssəl məlumat əldə etmək imkanı yaranacaq, axtarış sistemi sadələşəcək, daşınmaz əmlaka yeni ünvan verilən zaman daşınmaz əmlakın ünvanının dəqiq təyin olunmasına şərait yaranacaq, poçt xidmətlərində, eləcə də əhali tərəfindən lazımi ünvanların axtarışında vaxt itkisinin qarşısı alınacaq, müxtəlif xidmət sahələrinin fəaliyyətində, eyni zamanda, təcili tibbi yardım, fövqəladə hallar və s. xidmətlərin fəaliyyəti zamanı operativlik təmin ediləcək, referendum, seçkilər zamanı seçici siyahılarının tərtibi daha dəqiq həyata keçiriləcək, qarışıq düşmüş ünvan problemlərinin həll edilməsi və yeni təkrarolunmaz ünvanların verilməsinə zəmin yaranacaq.

HƏQİQƏT




30/12/12    Çap et