Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Son texnologiyalara uyğun qurulan Su Laboratoriyası ilin birinci rübündə istismara veriləcək


İstehlakçılara verilən içməli suyun keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhərində tikilən Mərkəzi Laboratoriyanın yeni inzibati binasında son tamamlama işləri gedir və bina 2013-cü ilin birinci rübündə istismara veriləcək.

"İCTnews" elektron xəbər xidmətinə bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən məlumat verilib. ASC-dən qeyd edilib ki, ötən müddətdə suyun tədqiq olunan parametrlərinin sayı 25-dən 40-a çatdırılsa da, mövcud cihazlar tələblərə cavab vermir. Yeni laboratoriya isə ən müasir avadanlıqlarla təmin olunacaq: "İçməli suyun və tullantı sularının tərkibinin beynəlxalq standartlar səviyyəsində öyrənilməsi məqsədilə tikilən laboratoriya müasir avadanlıqlarla təchiz olunacaq.

Bu məqsədlə Türkiyə, Almaniya və digər Avropa ölkələrindən beynəlxalq standartlara cavab verən laboratoriya cihazları alınaraq ölkəmizə gətirilib və quraşdırılıb. Artıq həmin cihazlarla işləmək təcrübəsi olan kadrların hazırlığı istiqamətində ciddi iş gedir:" ASC-dən qeyd edilib ki, son texnologiyalara uyğun cihazlarla işləmək üçün qurumun kimyaçı və bioloqlardan ibarət mütəxəssisləri Türkiyədə təlimlərdə də iştirak edib: "Bundan sonra əsas hədəf laboratoriya üçün beynəlxalq İSO standartlarının alınması olacaq. Laboratoriya istismara verildikdən sonra "İSO-17025" akkreditasiya sertifikatına təqdim ediləcək və bununla da Azərbaycanda aparılan analizlərin nəticələri beynəlxalq səviyyədə (Avropa İttifaqı və Beynəlxalq Səhiyyə Təşkilatı) qəbul olunacaq.

"Azərsu" ASC-nin hazırda fəaliyyət göstərən Mərkəzi Laboratoriyasında suyun mikrobioloji, orqanoleptik, fiziki-kimyəvi, parazitoloji, toksikoloji, radioloji göstəriciləri, həmçinin üzvi və qeyri-üzvi maddələr təyin edilir və bu göstəricilər üzrə 36 parametri təhlil edilir. Yeni laboratoriya istifadəyə verildikdən sonra bu göstəricilərin sayı 75-ə çatdırılacaq".

HƏQİQƏT




07/01/13    Çap et