Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Müəllimlərin işə qəbulu üzrə proqram təminatı təkmilləşdiriləcək


Müəllimlərin işə qəbulu üzrə proqram təminatı təkmilləşdiriləcək. Həmçinin müsabiqə prosesinin nəticələrinə dair hesabat və məlumatlar əsasında təhlillər aparılacaq, ali və orta ixtisas təhsili müəssisələrinin məzunlarının təhsil sənədləri haqqında məlumat bazasının proqram təminatına daxil edilməsi üçün müvafiq işlər həyata keçiriləcək.

Bu işlər Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi, Monitorinq və qiymətləndirmə şöbəsi və Təhsil sisteminin informasiyalaşdırılması İdarəsi tərəfindən görüləcək. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, təhsil naziri Misir Mərdanovun yeni imzaladığı əmrə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqənin, bu proseslə əlaqədar təlimlərin, seminarların və digər metodiki işlərin keçirilməsi məqsədilə Təhsil Nazirliyinin tabeliyində müasir infrastruktura malik "Təlim, tədris, imtahan mərkəzi"nin yaradılması üçün təkliflər hazırlanacaq.

Müəllimlərin işə qəbulu üzrə test imtahanları üçün nümunələrin hazırlanması, ekspertizasının aparılması, test bankının yaradılması və imtahanların keçirilməsi təmin ediləcək. İşə qəbulun nəticələri araşdırılacaq. Vakant yerlər barədə düzgün məlumat verməyən, müəllimlərin müsabiqədənkənar işə qəbuluna yol verən yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisələri rəhbərləri barəsində intizam tənbehi tədbirlərinin tətbiq edilməsinə dair təkliflər də hazırlanacaq.

Əmrə əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri müəllimlərin işə qəbulu üzrə yeni mexanizmlərin tətbiqi barədə məzunlara ətraflı məlumat verilməsini və geniş izahat işlərinin aparılmasını mütəmadi olaraq təmin etməlidirlər. Yerli təhsili idarəetmə orqanlarının və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin və peşə liseylərinin rəhbərləri isə hər tədris ili başa çatdıqdan sonra 10 gün ərzində vakant yerlər barədə məlumatı müəyyən olunmuş forma üzrə nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə təqdim edəcək, işə qəbul olunmuş pedaqoji kadrlara Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli, 67 nömrəli qərarına uyğun həvəsləndirmə tədbirlərinin tətbiqi ilə bağlı məsələləri mövcud qanunvericiliyə uyğun həll edəcəklər.

HƏQİQƏT




07/01/13    Çap et