Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 960 minə yaxınlaşıb


2013-cü il yanvarın 9-na olan məlumata əsasən, Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 957540-a bərabərdir. Müqayisə üçün bildirək ki, 2012-ci il dekabrın 7-də bu göstərici 919 min təşkil edirdi. “ICTnews.az” elektron xəbər xidməti “socialbaker.com” saytına istinadən bildirir ki, son 6 ay ərzində Azərbaycanda “Facebook“ istifadəçilərinin sayı 134 min artıb.

Azərbaycan “Facebook” istifadəçilərinin sayına görə tərtib edilmiş reytinqdə 84-cü yerdə qərarlaşıb. Müqayisə üçün qeyd edək ki, 2012-ci ilin dekabrında 83-cü mövqedə qərarlaşmışdı. Azərbaycan reytinqdə Gürcüstan (85), Qazaxıstan (94), Belarus (104), Estoniya (107), Latviya (109), Ermənistan (112), Moldova (118), Özbəkistan (137), Qırğızıstan (147) ölkələrini qabaqlayıb.

“Socailbaker.com”-un versiyasına görə, Azərbaycanda “Facebook”dan əhalinin 11.53 faizi və ölkənin ümumi internet istifadəçilərinin 22.66 faizi istifadə edir. Azərbaycanda “Facebook” istifadəçilərinin 478 mini 18-24 yaş aralığındadır.

“Facebook” pərəstişkarlarının əksəriyyəti (63 faiz) əvvəlki kimi kişilərdir. “Facebook” istifadəçilərinin sayına görə ABŞ (168 milyon) əvvəlki kimi liderdir. Braziliya (64 milyon) ikinci, Hindistan (62 milyon) üçüncü, İndoneziya (51 milyon) isə dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, reytinqdə 213 ölkə təqdim edilib. Vatikan ən az “Facebook” istifadəçisinə (20 nəfər) malikdir.

Emil Hüseynov




09/01/13    Çap et