Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Fərdi kompüterlərin satış həcmi azalır
“IDC” tədqiqat şirkəti həm 2012-ci ilin dördüncü rübü, həm də bütövlükdə 2012-ci il üzrə fərdi kompüter (FK) bazarındakı qüvvələr nisbətini qiymətləndirib. “ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, hesablamalara görə, oktyabr-dekabr ayları ərzində 89,8 milyon masaüstü kompüter, noutbuk və netbuk satılıb.
Qeyd edək ki, “x86” arxitekturası ilə işləyən server və planşetlər bu hesaba daxil edilməyib. Müqayisə üçün qeyd edək ki, 2011-ci ilin dördüncü rübündə satış həcmi 95.9 milyon təşkil etmişdi. Analitiklər bildiriblər ki, “Windows 8” əməliyyat sisteminin çıxarılmasına və ənənəvi bayramqabağı satışlara baxmayaraq, FK bazarı zəifləməyə doğru gedir. 2012-ci ilin yekununa görə, fərdi kompüterlərin tədarük həcmi təxminən 352,4 milyon təşkil edib. 2011-ci illə müqayisədə təxminən 3,2 faiz azalma qeydə alınıb.
“IDC”-nin qiymətləndirməsinə görə, “Hewlett-Packard” (HP) şirkəti ən böyük istehsalçıların siyahısında liderlik edir. Şirkət 1 il ərzində 58,1 milyon kompüter satıb və onun bazar payı 17,1-dən 16,5 faizədək azalıb. İkinci yerdə 14,9 faiz bazar payına malik “Lenovo” şirkəti yerləşib.
Çin şirkəti 2012-ci ildə 52,4 milyon masaüstü və noutbuk satıb. “Dell” şirkəti üçüncü mövqedə qərarlaşıb və onun bazar payı 12,2-dən 11,0 faizədək azalıb. Şirkət 38,7 milyon kompüter satıb.
Emil Hüseynov
11/01/13 Çap et