Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa Komissiyası məşhur internet şirkətini niyə sıxışdırır?


Amerikanın "Google" şirkəti Avropada seçim qarşısında qalıb: ya internet istifadəçilərinə axtarış sistemi vasitəsilə toplanılan məlumatların təqdim edilməsi formasını dəyişdirmək, ya da Avropa İttifaqının antiinhisar qanunvericiliyini pozduğuna görə Avropa Komissiyasının ittiham obyektinə çevrilmək.

Bu barədə Londonun "Faynenşl Tayms" qəzeti yazıb. “ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Avropa Komissiyasının məlumatına əsasən, "Google" axtarış sistemi istifadəçiləri öz şəxsi xidmətlərinə aparan kanallara doğru yönəldir.

"Google”-un iş fəaliyyətini tam obyektiv hesab edən ABŞ-ın Federal Ticarət Komissiyasından fərqli olaraq, Avropa İttifaqının rəqabət məsələləri üzrə komissarı Xoakin Almuniya bildirib ki, istehlakçılara təqdim edilən informasiyanın təhrif olunmaması üçün əlindən gələn hər şeyi edəcək". "Biz araşdırmaya davam edirik, lakin mən “Google”-un informasiya axınını yönəltdiyi fikrindəyəm" – nəşr Almuniyanın fikirlərindən sitat gətirib.

Nəşr qeyd edib ki, Avropa Komissiyası və "Google" rəhbərliyi arasında aparılan danışıqlar təhlükəli mərhələyə qədəm qoyub. Qəzet vurğulayıb ki, Avropa Komissiyasının tələb etdiyi məhdudiyyətlər "Google"-un hazırkı axtarış sistemi internet istifadəçilərinin istənilən sorğusunu cavablandıran qlobal məlumat xidmətinə çevirmək planlarını sual altında qoyur.

Emil Hüseynov




14/01/13    Çap et