Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Zərgərlərimizin eramızdan əvvəl IX əsrdə dövrün ən müasir texnologiyalarını tətbiq etmələri təsdiqlənib


Azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanmış “Arxeoloji zinət əşyalarının metal tərkibinin müəyyən olunması üçün yeni texnologiyaların tətbiqi” tezisi Avstriyanın paytaxtı Vyanada “Mədəni irs və yeni texnologiyalar 16-cı konfransının materialları”nda çap olunub.

“ICTnews” elektron xəbər xidmətinə AMEA-dan bildirilib ki, tezislər AMEA Milli Azərbaycan Tarixi Muzeyinin baş mühafizi, t.ü.f.d. Mahfuzə Zeynalova, Xüsusi Fondun müdiri Afət Rüstəmbəyova və AMEA Radiasiya Problemləri İnstitutunun (RPİ) şöbə müdiri, k.ü.f.d. Dinara Abbasova tərəfindən hazırlanıb.

Qeyd edək ki, muzeyin Xüsusi Fondunda arxeoloji qazıntılar nəticəsində aşkarlanmış zinət əşyaları saxlanılır. Onların ən qədimi eramızdan əvvəl II minilliyə aid edilir. İlk dəfə bu əşyalar RPİ-nin təqdim etdiyi spektrometrlər vasitəsilə təhlil olunub. Nəticədə həmin əşyaları zədələmədən onların tərkibində olan qiymətli metalların nisbəti öyrənilib, əşyaların düzəldilmə vaxtı dəqiqləşdirilib.

Bir daha təsdiq olunub ki, artıq eramızdan əvvəl IX əsrdə Azərbaycan zərgərləri öz sahələrində dövrün ən müasir texnologiyalarını tətbiq ediblər. AMEA-dan qeyd edilib ki, xarici mütəxəssislərin marağına səbəb olmuş tezisin mətninə uyğun fotoşəkillər və sxemlər də əlavə edilib.

HƏQİQƏT




14/01/13    Çap et