Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Caspian Telecoms 2013” telekommunikasiya konfransı apreldə İstanbulda keçiriləcək
Azərbaycanın informasiya-rabitə texnologiyaları sahəsində nailiyyətləri Xəzər və Qara dəniz regionu və MDB ölkələri üçün telekommunikasiyalar və informasiya texnologiyaları üzrə 12-ci beynəlxalq konfransın işində təqdim ediləcək.
Bu barədə "Iteca Caspian" şirkətindən məlumat verilib. “Caspian Telecoms 2013” telekommunikasiya konfransı aprelin 18-19-da İstanbulda keçiriləcək. Konfransın təşkilatçıları Türkiyənin "E International Exhibitions Inc.", Rusiyanın "ITE Moscow LLC" və Böyük Britaniyanın "ITE Group PLC" şirkətləridir. Sərgi-konfransın işində Azərbaycanın, Türkiyənin, Gürcüstanın, Ukraynanın, Rusiyanın, Qazaxıstanın, Özbəkistanın, Tacikistanın, Moldovanın, Monqolustanın, Qırğızıstanın və başqa ölkələrin nümayəndə heyətlərinin iştirakı gözlənilir.
Tədbirin işində Azərbaycan ənənəvi olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və bir sıra telekommunikasiya şirkətləri səviyyəsində iştirak edir. "Caspian Telecoms 2013"-ün işində avadanlıq istehsalçılarının, rabitə operatorlarının, maliyyə strukturlarının, beynəlxalq təşkilatların və başqalarının iştirak edəcəyi gözlənilir.
"Caspian Telecoms" çərçivəsində keçiriləcək müzakirə və məruzələr rabitə siyasəti, perspektivli texnologiyalar, qabaqcıl texnologiyaların tətbiqi və başqa mövzuların aktual məsələlərini əhatə edəcək. Konfrans 2001-ci ildən keçirilir və hər il telekommunikasiya bazarının dünya liderlərini bir yerə toplayır. "Caspian Telecoms" Xəzər regionu, MDB, Mərkəzi Asiya ölkələrinin və Türkiyənin telekommunikasiyalar və informasiya texnologiyaları üzrə aparıcı forumu kimi tanınır.
RƏVAN
14/01/13 Çap et