Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dövlət Komitəsi internet səhifəsi vasitəsilə əməkdaşlarının “Etik davranış qaydaları”nı yoxlayır
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2012-ci ildə «Dövlət qulluğu haqqında» və «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq dövlət qulluqçularının etik davranış məsələləri üzrə ardıcıl tədbirlər davam etdirilib.
Komitədən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, hesabat dövründə ƏMDK-nin rəsmi internet səhifəsində “Etik davranış qaydaları” bölməsi yaradılıb və hazırda həmin internet səhifəsi vasitəsilə birbaşa müraciətlərin və elektron ərizələrin qəbul edilməsi imkanları mövcuddur. Komitə bildirir ki, bununla yanaşı, etik davranış qaydaları ilə bağlı müraciətlərin qəbulu, baxılması və cavablandırılmasında çevikliyi və şəffaflığı təmin etmək məqsədi ilə komitədə və tabeliyində olan qurumlarda müraciətlərin elektron poçt ünvanı vasitəsilə qəbulu və cavablandırılması həyata keçirilir:
«Etik davranış qaydalarının pozulması ilə əlaqədar daxil olmuş şikayətlərin effektiv araşdırılması mexanizmlərinin müəyyən edilməsi ilə bağlı hazırda müvafiq təhlillər aparılır və fəaliyyət planında göstərilən müddətdə icrası təmin ediləcəkdir». Komitənin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən etik davranış qaydalarını və onlara əməl olunması ilə bağlı təminatları konkretləşdirmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsində “Əmlak Məsələləri Dövlət Komitəsinin aparatında və onun strukturuna daxil olan qurumlarda işləyən dövlət qulluqçularının etik davranış Qaydaları” təsdiq edilib.
Bu Qaydalara uyğun olaraq komitədə işləyən dövlət qulluqçularının xidməti davranışlarının qanunvericiliklə müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarətin təmin edilməsi, etik davranış qaydalarının əməl edilməsi vəziyyətinin öyrənilməsi və onun təhlilinin aparılması mütəmadi olaraq həyata keçirilir.
Eyni zamanda etik davranış məsələləri komitənin kollegiya iclaslarında və müşavirələrdə diqqətdə saxlanılır və bu məqsədlə icrası zəruri olan tapşırıqlar verilir. Aparılmış təhlillərin və verilmiş tapşırıqların icrasının nəticəsi olaraq pozuntu hallarına yol vermiş dövlət qulluqçuları barəsində intizam tənbehi tədbirləri görülmüş və bu barədə məlumatlar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edilib.
SEYMUR
14/01/13 Çap et