Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Səfir Azərbaycanın ilk peykinin fransız şirkətinin raket daşıyıcısı vasitəsilə orbitə çıxarılmasına sevinir


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşüb.

Azərbaycanın ilk peykinin Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan 2013-cü ilin fevral tarixində "Ariane Space" fransız şirkətinin raket daşıyıcısı vasitəsilə qaldırılması və geostasionar orbitə çıxarılmasına sevindiyini bildirən səfir Fransanın ölkəmiz üçün belə bir önəmli, tarixi hadisədə iştirakından məmnunluğunu ifadə edib.

Telekommunikasiya peykinin Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacağını da vurğulayan Paskal Mönye əlavə edib ki, Fransa tərəfi bundan sonra da ölkəmizin peyk sənayesinin inkişafına öz töhfəsini verməkdə davam edəcək.

Azərbaycan və Fransa arasında İKT sahəsində əməkdaşlığın genişlənməsinə xüsusi önəm verən səfir fransız şirkətlərinin ötən il olduğu kimi, bu il də "BakuTel-2013" İnformasiya və Telekommunikasiya Texnologiyaları sərgisində Milli Pavilyonla təmsil olunacağını, bundan əlavə, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması məqsədilə iyun ayında Brüsseldə keçirilməsi nəzərdə tutulan "Avropa-2020 - Azərbaycan-2020" adlı konfransda Fransanın da fəal iştirak edəcəyini bildirib.

Nazir Əli Abbasov da öz növbəsində, gələcəkdə fransız şirkətləri ilə əlaqələrin artırılacağını və bu əməkdaşlığın hər iki ölkə üçün faydalı olacağını, eyni zamanda İKT sahəsində qurulan münasibətlərin siyasi münasibətlərin daha da yaxınlaşmasında əhəmiyyətli rol oynayacağını vurğulayıb.




15/01/13    Çap et