Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

30 rayonda 30 poçt şöbəsi


"USAİD" və "IREX" tərəfindən Azərbaycanın 30 rayonunda 30 poçt şöbəsində qurulan internet köşkləri bu ildən "Azərpoçt" MMC-nin balansına veriləcək. Bu barədə "ICTnews.az"a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov məlumat verib.

Onun sözlərinə görə, layihə "USAID" və "IREX"-in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə danışıqları nəticəsində reallaşıb. Onun sözlərinə görə, layihəyə uyğun olaraq "Azərpoçt" MMC tərəfindən müəyyənləşdirilən 30 rayonun 30 ən ucqar kənd poçt şöbələrində köşklər qurulub. N.Məmmədov bildirdi ki, bu layihə sakinlərin böyük marağına səbəb olub.

"Layihənin daha effektli olması üçün ən ucqar rayonların əhalisinin sayı çox olan kəndləri seçmişik. Artıq nəticələr var və bunu sakinlər də təsdiqləyirlər"- deyə o bildirib. O, daha sonra bildirdi ki, "Onlayn kənd" təşəbbüsü üçün də icmalar seçilib:

"Seçilmiş hər bir icmanın əhalisi 3000-10000 nəfər arasındadır. Demək olar ki, bütün sakinlər - respondentlərin 96 faizi bildirib ki, onlar ödənişlər etmək və ya məktub yollamaq məqsədilə müntəzəm şəkildə yerli poçt şöbələrinə gedirlər. Köşklərdən istifadənin səmərəsini artırmaq üçün "IREX" poçt şöbələrinin işçilərinə köşklərdən istifadə etmək barədə təlim keçib".

Qeyd edək ki, köşk quraşdırılmış hər bir poçt şöbəsinə kompüterdən və internetdən necə istifadə etməyi addım-addım izah edən çap materialları paylanılıb.

RƏVAN




17/01/13    Çap et