Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda patent sisteminin idarə olunmasının avtomatlaşdırılması layihəsi üzərində iş başa çatır
Azərbaycanda patent sisteminin idarə olunmasının avtomatlaşdırılması ilə bağlı Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) tərəfindən həyata keçirilən layihə artıq başa çatmaq üzrədir. Hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) əməkdaşları və patent müvəkkilləri üçün sınaq treninqləri həyata keçirilir.
"ICTnews" elektron xəbər xidmətinin komitəyə istinadən verdiyi məlumata görə, cari ilin 21 yanvar tarixindən elektron idarəetmə sistemi məhdud istifadəçilər üçün açıq olmaqla işə salınacaq. Sistemə girişin əvvəlcə "AzPatent"-in mütəxəssisləri və bir neçə patent müvəkkili üçün açıq olacağı nəzərdə tutulub. Sistemin bütün istifadəçilər üçün tam açıq şəkildə istifadəyə verilməsi 2013-cü ilin mart ayına planlaşdırılır.
Bu layihə ölkəmizdə "E-Hökumət" quruculuğu istiqamətində patent sisteminin tam elektronlaşdırılması, e-idarəetmənin tətbiqi, əqli mülkiyyət hüquqlarının qeydiyyatı və mühafizəsi sahəsində e-xidmətlərin göstərilməsi və s. mühüm istiqamətləri əhatə edir. Kağız formatında daşıyıcılardan e-idarəetmə sisteminə keçməklə yaradılacaq yeni sistem milli səviyyədə texnoloji yanaşmanın istiqamətlərinin müəyyənləşdirilməsinə yardım edəcək.
Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən şirkətlər, elmi-tədqiqat institutları, universitetlər, tədqiqatçılara patent sisteminə dair informasiyaları asanlıqla əldə edə bilməsinə yardımçı olacaq. Sistemin tətbiqi elmi-tədqiqat işlərinin genişlənməsinə, ixtiraların, innovasiya məhsullarının çoxalmasına və informasiya texnologiyaları bazarının inkişafına səbəb olacaq. Tədris Mərkəzinin yaradılmasında əsas məqsəd əqli mülkiyyət sahəsi üzrə mütəxəssislərin, patent müvəkkillərinin hazırlanması və əqli mülkiyyət obyektləri barədə məlumatların ictimaiyyətə çatdırılmasından ibarətdir.
Layihə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında bağlanmış 11 oktyabr 2011-ci il tarixli "Əqli mülkiyyət hüquqlarının idarəetmə sisteminin avtomatlaşdırılmasına dair" qrant razılaşmasına əsasən icra olunur.
CAHANGİR
17/01/13 Çap et