Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Riçard Şirer: “Azərbaycanda genişzolaqlı internetin sürəti Böyük Britaniyadan geri qalmır”


Azərbaycanda genişzolaqlı internetin sürəti Böyük Britaniyadan geri qalmır. Bu sözləri “ICTnews.az”-a açıqlamasında "Bakcell"in rəhbəri Riçard Şirer bildirib.

Onun sözlərinə görə,"Bakcell" mobil rabitə operatorunun abonent bazası 2012-ci ilin yekunları üzrə 15 faiz artıb. “Mobil internet bazarının 40 faizi "Bakcell" şirkətinə məxsusdur. "Bakcell" şəbəkəsində işə salınan baza stansiyalarının sayı 2 min ədədi ötür.

Hazırda şirkətin şəbəkəsi əhalinin 99 faizindən çoxunu və respublika ərazisinin 92 faizini əhatə edir”- deyən baş direktor “Bakcell”in ölkənin mobil rabitə bazarında payının 35 faiz təşkil etdiyini bildirdi. Şəbəkənin aktiv abonentlərinin sayı 2,6 milyonu ötür. Şəbəkədə qeydiyyata alınan abonent nömrələrinin sayı 3 milyon təşkil edir.

O, hazırda “4G” şəbəkəsinin işə salınması, nömrələrin daşınması (MNP) xidmətinin işə salınması məsələləri üzrə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə danışıqlar aparıldığını söyləyərək hər iki xidmətin cari il ərzində tətbiqinin nəzərdə tutulduğunu dedi. Yeri gəlmişkən, qeyd edək ki, bu gün məşhur Hollivud rejissoru, “Şər Məskəni” (“Resident Evil”) blokbasterinin müəllifi Pol V.S.Anderson Bakıya gələrək “Bakcell” şirkətinin sifarişi ilə çəkdiyi reklam çarxını təqdim edib.

Çarx “Bakcell”in tərəfdaşı, tanınmış futbol komandası “Mançester Yunayted” ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanıb.

RƏVAN




17/01/13    Çap et