Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” sosial şəbəkəsi “Skype”-ın “qatil”inə çevriləcək


"Facebook"un amerikalı istifadəçiləri bir-birinə pulsuz səs zəngləri etmək imkanı əldə ediblər. Yeni xidmət hələ ki yalnız "iPhone" və "iPod touch" sahibləri üçün əlçatandır.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, "Facebook" sosial şəbəkəsi ABŞ-da "iPhone" sahibləri arasında pulsuz səs zəngləri etməyə imkan verən və "VoIP" (Voice over IP) texnologiyasına əsaslanan yeni xidmət istifadəyə verib.

Yeni funksiyadan istifadə etmək üçün "App Store" mağazasından "Facebook Messenger" tətbiqini quraşdırmaq, digər istifadəçi ilə əlaqə yaratmaq, əlavə seçimlər düyməsinə və daha sonra səs zəngləri nişanına sıxmaq lazımdır. Qurğuya "Messenger" tətbiqi quraşdırıldığı halda onu yeniləməyə ehtiyac yoxdur.

Qeyd edək ki, yeni xidmət hələlik yalnız "iPhone" və "iPod touch" qurğu sahiblərinə əlçatandır. Yalnız "iPhone" və ya "iPod touch" qurğusuna "Messenger" quraşdırılmış abunəçi ilə əlaqə yaratmaq mümkündür. Yeni xidməti sınaqdan keçirmiş "The Verge" nəşri səs rabitəsinin keyfiyyətinin yüksək olmasını qeyd edib.

Nəşr, həmçinin vurğulayıb ki, "Facebook" yeni xidmətini digər ölkələrdə də istifadəyə verməklə asanlıqla dünyanın ən böyük "VoIP" rabitə provayderinə çevrilə bilər. Hazırda "Facebook"un auditoriyası 1 milyarddan çoxdur. Nə "Skype", nə də "Viber" və ya "Vonage" kimi analoqları bu sayda istifadəçi bazasına malik deyil. Məlumat üçün bildirək ki, müvafiq xidmət ABŞ-da "Google"-un "Gmail" çatında da təqdim edilir.

Emil Hüseynov




18/01/13    Çap et