Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ötən il ərzində Mədəniyyət və Turizm Nazirliyində İKT ilə bağlı bir sıra işlər görülüb
Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanında verilmiş tapşırıqların icrası məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2012-ci il tarixli 235 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı"nda Mədəniyyət və Turizm Nazirliyi üzrə müəyyənləşdirilmiş elektron xidmətlərin reqlamentləri yenidən hazırlanıb.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin 2012-ci ildə gördüyü işlər barədə hesabatında qeyd olunub.
Hesabatda göstərilir ki, yuxarıda göstərilən Fərmanın və Nazirlər Kabinetinin müvafiq Qərarlarının yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 29 iyun 2012-ci il tarixli 361 nömrəli əmrinə uyğun olaraq nazirlikdə elektron xidmətlərin göstərilməsi üçün müasir standartlara cavab verən, sertifikatla təmin edilən ekranlaşdırılmış server otağı ("DATA" mərkəz) daxili imkanlar hesabına yaradılıb və 30 sentyabr 2012-ci il tarixində tam istifadəyə verilib.
Eyni zamanda, nazirliyə ("DATA" mərkəzə) optik xətt çəkilib və "AzDataCom" şəbəkəsi vasitəsilə EHDİS("Elektron Hökumət" Dövlət İnformasiya Sistemi) portalına qoşulmaq üçün müvafiq işlər aparılıb: "EHDİS Elektron Xidmətlər Portalına qoşulmaq üçün e-imza və xüsusi şifrə alınıb, nazirliyin aparatında çalışan əməkdaşların e-imza ilə təmin olunması üçün Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinə müvafiq müraciət məktubu göndərilib.
Ötən ilin dekabr ayının sonunda "AzDataCom" şəbəkəsi vasitəsilə EHDİS portalına qoşulmaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tələblərinə uyğun olaraq müvafiq serverlərin və şəbəkə avadanlıqlarının alınması təmin edilib. Hazırda işlər davam etdirilir". Nazirliyin saytı yenidən proqramlaşdırılıb və 25 iyul 2012-ci il tarixində istifadəyə verilib. Nazirliyin rəsmi saytı (www.mct.gov.az) Milli Net 2012 internet müsabiqəsinin Dövlət və bələdiyyə saytları nominasiyasında II yerə layiq görülüb. 28 sentyabr 2012-ci il tarixində Ümumrespublika Daxili Turizm Konfransında Nazirliyin "Elektron xidmət yolu ilə Lisenziyaların verilməsi" sisteminə dair təqdimat keçirilib. Nazirliyin e-xidmətlər saytında (www.e-services.mct.gov.az) aşağıdakı interaktiv xidmətlər mövcuddur:
1. Turizm sahəsi üzrə sənədlərin qəbulu
– Turizm fəaliyyəti
– Fiziki şəxslər tərəfindən turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması üçün Ərizələrin qəbulu
– Hüquqi şəxslər tərəfindən turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması üçün Ərizələrin qəbulu
– Mehmanxana fəaliyyəti - Fiziki şəxslər tərəfindən mehmanxana fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması üçün Ərizələrin qəbulu
- Hüquqi şəxslər tərəfindən mehmanxana fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması üçün Ərizələrin qəbulu – Yerləşdirmə obyektinin təsnifatı
- Fiziki şəxlər üçün yerləşdirmə obyektinin təsnifatdan keçirilməsinə dair Ərizələrin qəbulu
- Hüquqi şəxlər üçün yerləşdirmə obyektinin təsnifatdan keçirilməsinə dair Ərizələrin qəbulu
2. E-müraciət
– Ərizə, şikayət, təkliflərin qəbulu
– Qəbula yazılmaq
– Rəhbər şəxslərin qəbuluna yazılmaq Hesabat dövründə turizm üzrə informasiya naviqasiya sisteminin təkmilləşdirilməsi işləri davam etdirilib.
"Evrovision" mahnı müsabiqəsinə hazırlıq dövrlərində (gomap.az) nazirliyin yaratdığı elektron xəritədə lazımı məlumatlar çevik olaraq yeniləşdirilmiş festivalın saytı ilə inteqrasiya edilməsi işləri təmin edilib.
Həmçinin, nazirliyin sifarişi ilə SİNAM şirkətinin hazırladığı GoMap.Az Online Naviqatorunun "Facebook" sosial şəbəkəsində keçirtdiyi müsabiqənin qaliblərinin mükafatlanma mərasimi keçirilib.
Müsabiqəni keçirməkdə ilk məqsəd "Evrovision" ərəfəsində, GoMap.Az Online Naviqatoruna dəstək olmaqla, Azərbaycanı bütün dünyaya tanıtmaq üçün hər kəsə imkan yaratmaq idi. Beləliklə, müsabiqədə 87 iştirakçı tərəfindən təqdim olunub, 255 ədəd fotoşəkil iştirak edib, bu fotoşəkillərə 34 672 dəfə rəy yazılıb. Müsabiqə nəticəsində cəmi 532 611 nəfər Facebook şəbəkə istifadəçisi səhifə ilə tanış olub. Ötən ilin sonunda saytın (m.gomap.az) mobil qurğular üçün versiyası istifadəyə verilib.
Qeyd edilənlərlə yanaşı Nazirlər Kabinetinin 24 dekabr 2012-ci il tarixli, 318 nömrəli Qərarına əsasən gomap.az portalı Ünvan reyestri ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin siyahısına daxil edilib. 2012-ci il tarixində Nazirliyin 147 qaynar xətt telefon məlumat sisteminə 135010 zəng daxil olub.
Nazirliyin tabeliyində olan kitabxanalarda informasiya texnologiyalarının tətbiqinin asanlaşdırılması məqsədilə Avtomatlaşdırılmış Kitabxana İnformasiya və İdarəetmə Sistemi (Automated Library Information System Administration) ALİSA yaradılıb.
Ümumiyyətlə İnformasiya və Kommunikasiya Texnologiyaları ilə əlaqədar müxtəlif tarixlərdə keçirilən bir çox konfrans, seminar və digər tədbirlərdə şöbənin əməkdaşları da iştirak edib, yeni təcrübə və texnologiyalarla tanış olub və işdə tətbiq ediblər.
CAHANGİR
18/01/13 Çap et