Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlk dəfə “Yaponiya - Azərbaycan İKT forumu” keçiriləcək


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe ilə görüşüb.

Ölkələrimiz arasında mövcud əlaqələrdən söz açan nazir Əli Abbasov ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə olan qarşılıqlı marağın Azərbaycan-Yaponiya münasibətlərinin genişlənməsi üçün əlverişli zəmin yaratdığını bildirib. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2013-cü ilin ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsinə diqqət çəkən səfir də qərarın sevindirici olmasını vurğulayaraq qeyd edib ki, bu addım Azərbaycan-Yaponiya münasibətlərində İKT sahəsinin daha da inkişaf etdirilməsi, genişləndirilməsi üçün yeni imkanlar açır.

Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişafı fonunda Yaponiya tərəfinin çoxdandır ki, ölkəmizdə "Yaponiya-Azərbaycan İKT forumu"nun təşkilinə xüsusi maraq göstərdiyini qeyd edən Şusuke Vatanabe bu il Azərbaycanın ilk peykinin fəzaya buraxılmasını nəzərə alaraq, forumda da məhz bu prioritet sahə üzrə peyk məsələlərinə daha geniş yer ayrılmasını təklif edib.

Onun sözlərinə görə, foruma Yaponiyanın dövlət və qeyri-dövlət sektorunun təmsilçiləri, o cümlədən 40-a yaxın özəl şirkətin qatılacağı gözlənilir. Nazir Əli Abbasov da öz növbəsində, texnologiyalar sahəsində aparıcı ölkələrdən sayılan Yaponiya təcrübəsinin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini, bu tipli forumların təşkilinin Yaponiya-Azərbaycan münasibətlərinin daha da yaxınlaşmasında, xüsusən yapon texnologiyalarının Azərbaycanda istehsalı və istehlakında önəm daşıyacağını, gələcəkdə bərabər səylər nəticəsində birgə istehsal və xidmətlərin həyata keçirilə biləcəyinə ümidvar olduğunu vurğulayıb.

Görüşdə "I Yaponiya - Azərbaycan İKT forumu"nun bu ilin 27-28 fevral tarixlərində keçirilməsi də müəyyənləşdirilib və artıq hazırlıq işlərinə başlanılıb.




18/01/13    Çap et