Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Aktiv kompüter istifadəçisinin qarşısına hansı problemlər çıxa bilər?


Bu gün kompüterlər istənilən evin əsas aksesuarları sırasında özünə yer tapıb. Amma bu heç də ondan istifadə edənlərin kompüterlə bağlı biliklərə yetərli qədər malik olmasından xəbər vermir. Xüsusən də ev şəraitində kompüterdə baş verən elementar problemlərin istənilən istifadəçi tərəfindən aradan qaldırılması və onun təmirə ehtiyacı olub-olmadığını müəyyənləşdirmək üçün zəruri biliklərə malik olması zəruridir. Kompüterlərdə meydana çıxan nasazlıqlar haqqında əsas anlayışları riyaziyyat-informatika müəllimi Vüqar Qənbərov "Rabitə dünyası" ilə paylaşıb.

Həssas və kompleks cihazlar

"Kompüterlər həssas və kompleks cihazlardır"- deyən V.Qənbərov da hesab edir ki, istifadəçi bu nasazlıqların bəzilərini servis xidmətlərinə müraciət etmədən aradan qaldırmağı bacarmalıdır: "Hər bir aktiv kompüter istifadəçisinin qarşısına kompüterlərin aparat və ya proqram təminatları ilə bağlı müəyyən problemlər çıxa bilər. Bəs günümüzün ayrılmaz bir hissəsi olan kompüterlərdə qarşımıza nə kimi problemlər çıxa bilər və səbəbləri nələrdir? Suala konkret cavab tapmaq üçün personal kompüterlərdə meydana gələ biləcək əsas problemləri müvafiq başlıqlar altında tədqiq edə bilər".

Kompüterin monitorunun üzərində bir sıra izlər və ləkələr əmələ gəlirsə...

Bu sırada ilk olaraq videokart (ekran) və monitorlar ilə əlaqədar problemləri qeyd etmək mümkündür. Kompüterin monitorunun üzərində bir sıra izlər və ləkələr əmələ gəlirsə, bunun səbəbi uzunmüddətli açıq qalan monitorumuzun piksellərinin pozulmasıdır. Bu izlər daha əvvəllər açıq qalmış görüntülərin izləridir. Belə monitorları təmir etmək praktik olaraq mümkün deyil: "Monitorunuza gələn görüntü keyfiyyətsiz olduqda və videokartınız, monitorunuz son dərəcə keyfiyyətli olmasına baxmayaraq, lazımi görüntü keyfiyyətini əldə etmirsinizsə, o zaman ilk növbədə siz monitorun kabelini yoxlamalısınız. Belə olan halda kabel yerinə yaxşı taxılmaya bilər. Əgər problem həll olunmazsa, onda yeni bir keyfiyyətli kabel alın və bununla da probleminiz həll olunacaq. Monitorumuza gələn görüntü gedib-gəlirsə və ya rənglər bəzən saralırsa, o zaman bu problemə səbəb ola biləcək bir çox amil qarşımıza çıxa bilər". İlk olaraq, ekran kabelinin kompüterin sistem blokuna və monitora tam qoşulduğundan əmin olun: "Əgər soket (socket) yerinə tam qoşulmuşdursa və kabeliniz də keyfiyyətlidirsə, onda biz iki məsələni daha aydınlaşdırmalıyıq. Birincisi, ekran kartınız xarab ola bilər. Bunu yoxlamaq üçün ekran kartınızı çıxarın və onun üzərindəki fanın (pərin) rahat fırlanıb-fırlanmadığını yoxlayın. Əgər fan rahat fırlanmırsa, onda vaxt itirmədən videokartın fanını dəyişdirin. Əgər fanda problem olmazsa, onda nasazlıq monitordadır".

Arzulanmayan problemlər

Bəzən ekran kartları heç arzulamadığımız problemlərə gətirib çıxarır. Bu kartlar PCI deyilən slotlara taxıldığından zədələndiyində ana kartı da öz təsiri altına alaraq ciddi problemlər yaradır: "Bu vəziyyəti sizlərə qısaca açıqlayım. Prosessor, RAM və hard-diskin normal işləməsinə baxmayaraq, kompüterinizdə bir neçə dəqiqə sonra donma hadisəsi baş verirsə, onda PCI videokartınızı çıxarıb kompüterinizi yenidən işə salın. Belə olan halda ana kartın üzərində olan (onboard) standart videokart ilə kompüterinizin rahat işləməsini müşahidə edəcəksiniz".

"Söndürün-yandırın, yenidən yükləyin, alınmazsa..." Növbəti çətinliklər sırasında klaviatura və "siçan" (maus) ilə əlaqədar problemləri qeyd etmək olar. Kompüterinizdə hər şey normal işləyirsə, amma klaviatura və "siçan"dan istifadə edə bilmirsinizsə, onda kompüterinizi söndürün-yandırın, yəni yenidən yükləyin. Problem aradan qalxmazsa, V.Qənbərov "siçan" və klaviaturanın USB portlarını dəyişdirməyi tövsiyə edir: "Təkrar kompüteri yenidən yükləyin. Nasazlıq qalmaqda davam etdiyi halda, yeni bir "siçan" və klaviatura almağınız məsləhətdir".

Öz-özünə sönən və ya donan kompüterin "dərdi"

Kompüteriniz bir anda donurmu? Kompüteriniz öz-özünə sönürmü? V.Qənbərov bu halı prosessor (CPU) ilə bağlı yaranan nasazlıqlara aid edir: "Belə hallarda prosessoru yoxlamalısınız. Yəni CPU dediyimiz ən vacib detalı. Dərhal kompüteri elektrikdən ayırın və sistem blokunu açın. Sonrakı addımda CPU-nun üzərindəki fanın işləyib-işləməməsini yoxlayın. Fanın işlək olmasına daha da əmin olmaq üçün onu elektrikə qoşun. Amma bu vəziyyətdə elektrik şokundan qorunmaq lazımdır. Fanın normal fırlanmasına əmin olun. Əgər fan düzgün fırlanmırsa və ya çox səs çıxarırsa, onda onu dərhal yenisi ilə əvəz edin". Bu əməliyyatı servis xidmətinə aparmadan ev şəraitində də etmək olar. Başqa sözlə desək, hər zaman yaxşı soyudulmayan prosessor sizə problem yaşadacaq. Əgər fan normal işləyirsə, onda yaranmış problem CPU ilə əlaqədar deyil: "Onu da qeyd etmək istərdim ki, prosessor işləyərkən çox ciddi temperaturda isinir. Bu istiliyin xaric edilməsi üçün fan ilə prosessorun arasında "termoplast" deyilən bir maddə sürtülür. Bu amorf materialın 2 ildə bir dəfə dəyişdirilməsi məsləhətdir".

Nasazlıqlar sırasında RAM ilə əlaqədar yaranan problemlər də var

Nasazlıqlar sırasında RAM ilə əlaqədar yaranan problemlər də var: "Kompüteriniz açılarkən "biip" deyə bir səs duydunuz. Dərhal RAM-ın yerinə tam olaraq oturub-oturmadığını yoxlayın. Ola bilsin ki, RAM slotuna tam taxılmamış olsun. Əgər RAM düzgün taxılmışdırsa, onda texniki servislərin birində slotu dəyişdirin. Problem hələ də həll olunmadısa, o zaman kompüter açılarkən (boot) ekranda RAM miqdarını sayan bir bölmə var. Məsələn, qara ekranda 1956421KB kimi bir yazı görürsünüzsə və kompüter yüklənərkən bu hissəni tamamlayırsa, onda RAM-da heç bir problem yoxdur. Əgər yüklənmə bu hissədə kəsilirsə, onda yeni bir RAM almağınız məsləhətdir".

Sistem xətalarından bezəndə...

Əməliyyat sisteminizi quraşdırdıqdan qısa bir müddət ərzində təkrar "çökürmü"? "Mavi ekran" dediyimiz o sistem xətalarından artıq bezmisinizmi? Harddiskinizi virtual disklərə ayıra bilmirsinizmi? Əgər sizin də kompüterinizdə bu tipli əlamətlər varsa, onda harddiskinizin təmirə ehtiyacı var. Xüsusilə də əməliyyat sistemi öz işini qəfil dayandırdığı halda harddiskinizin xarab olduğuna əmin olun. Belə olan halda harddisk üçün ev şəraitində edə biləcəyimiz çox da bir şey yoxdur. Siz ilk növbədə harddiskinizdəki sizin üçün dəyərli olan faylları başqa yerə köçürün. Və son olaraq yeni bir harddisk ilə əməliyyat sisteminizi yenidən quraşıdırın.

90 faiz elektrik amilindən qaynaqlanan problem

Elektrik-qida qurğusu ilə bağlı problemlərə gəlincə, V.Qənbərov qeyd edir ki, kompüterlərin elektrik-qida qurğularında (Power Supply) yaranan əsas problemlər əsasən (90 faiz) elektrik amillidir. Daimi elektrik enerji gərginliyi altında olan kompüterlərin elektrik-qida qurğusu heç gözləmədiyiniz bir vaxtda sizə problem yaşada bilər.

Ümumiyyətlə, güclü elektrik axınlarından və qəfil elektrik kəsintilərindən qorunmağın ən yaxşı yolu kompüterinizi UPS adlanan xüsusi elektriki stabilləşdirici qurğu ilə birlikdə işlətməkdir. Elektrik-qida qurğularının əsas nasazlıq əlaməti kompüterinizə elektrikin daxil olmamasıdır: "Daha sadə dillə desək, kompüterin sistem blokunda və klaviaturada heç bir indikator işıqlanmır. Belə hallarda ən yaxşı fikir yeni bir elektrik-qida qurğusu almaqdır. İkinci bir əlamət isə kompüterdə BİOS yüklənərkən qəfil sistemin sönüb-yanmasıdır. Bu əlamət isə elektrik-qida qurğusunda olan kondensatorların texniki-fiziki olaraq keyfiyyətini itirdiyi zaman meydana çıxır".

Səbəbsiz geri qalan saatla bağlı problemin əsl səbəbi

Kompüterin ana kartı ilə əlaqədar yaranan problemlərdən də söz açan V.Qənbərov deyir ki, kompüterinizin saatı heç bir səbəb olmadan geri qalırsa, onda BİOS batareyasının müddəti bitib. Bu batareya ana kartın üzərində olan zaman çipinə və BİOS-a daima enerji göndərməklə məşğuldur. Kompüter açılmırsa və siz elektrik-qida qurğusunu dəyişdirmisinizsə, bu o deməkdir ki, sizin ana kartınız daha istifadəyə yararlı deyil: "Bu, əslində çox nadir hadisədir, amma hər bir istifadəçinin qarşısına çıxa bilər. Ana kartlar marka və modellərinə fiziki xüsusiyyətləri dəyişən elementlərdir. Burada soyuducu sistem modeldən-modelə dəyişir. Bu sistemdə baş verən xətaları aradan qaldırmaq ciddi professionallıq tələb etdiyindən bir çox istifadəçi bu problemin həllini yeni bir ana kart almaqda görür".

Əməliyyat sistemini təşkil edən fayllar zərər görübsə, kompüter açılmayacaq

Əməliyyat sistemlərində baş verən xətalara gəlincə, V.Qənbərov qeyd edir ki, əməliyyat sistemini təşkil edən fayllar zərər görübsə, kompüter açılmayacaq: "Əməliyyat sistemi fayllarının zədələnməsinə əsas səbəblər kompüter virusları, texniki xətalar, kompüterin düzgün söndürülməməsi, ani elektrik kəsintiləri və s. ola bilər. Kompüter açıldıqda ilk əvvəl biz MSDOS pəncərəsini görürük. Yəni, qara ekranda RAM hesablanması, BİOS konfiqurasiyasının oxunması və s. işlər burada görülür. DOS mühitində lazımi hesablamalar bitdikdən sonra əməliyyat sistemi yüklənməyə başlanır".

İki ayda bir dəfə vacib olan proses-defraqmentasiya

Bəzən bu yüklənmə uzunmüddətli olur və ya heç dayanmır. Bu problem isə BİOS batareyasının müddətinin bitməsindən, harddisk şinlərindəki naqillərin köhnəlməsindən irəli gələ bilər: "Bu tipli problemlərlə qarşılaşdıqda, siz ilk növbədə videokartın, RAM-ın və prosessorun düzgün taxıldığını yoxlamalısınız. Bu yoxlamalardan sonra elektrik-qida qurğusunun fanının fırlanmasını müşahidə edin. Ancaq yenə bildirim ki, belə problemlər əsasən BİOS batareyasının müddətinin bitməsindən yaranır. Son olaraq onu da qeyd edim ki, əməliyyat sistemlərinin daha effektli və düzgün işləməsi üçün tez-tez (iki ayda bir dəfə) defraqmentasiya prosesi aparılmalıdır".

Həqiqət İSABALAYEVA




19/01/13    Çap et