Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AĞILSIZLIQ ETDİYİNİ ZƏNN ETDİ AMMA...




Doğum tarixi və yeri: 1964-cü il, 12 yanvar, ABŞ, Nyu-Meksiko, Albukerke

Təhsili: Prinston Universiteti

Fəaliyyət növü: Biznes

Vəzifəsi: “Amazon.com”-un rəhbəri, baş icraçı direktoru


Ceff Bezos dünyanın ən böyük internet mağazalarından biri olan “Amazon.com” şirkətinin qurucusudur. O, 1964-cü il, 12 yanvar tarixində dünyaya gəlib. Valideynlərinin evliliyi bir ildən artıq davam etməyib. Ceff doğulandan sonra boşanıblar. 5 yaşı olarkən anası ABŞ-a təhsil almağa gələn kubalı Migel Bezos ilə ailə qurub. Ceff ögey atasının soyadını daşıyır. O, uşaqlıqdan texniki elmlərə maraq göstərib, iti zəkaya və güclü yaddaşa malik olub. Onda mühəndis-konstruktor istedadı daha yüksək idi. Belə ki, altı yaşı olarkən buterbrod hazırlamaq üçün folqadan və çətirdən "günəş mikrodalğalı soba" düzəldir.

Ceff gənc yaşlarında olarkən ailəsi Mayamiyə köçür. Prinston Universitetində elektron mühəndisliyi üzrə təhsil alır. Universiteti bitirənə yaxın, Ceff proqramçı kimi çalışmağa başlayır. O, “Wall Street”, “Fitel”, “Bankers Trust” və “Shaw” şirkətlərində işləyib.

O, bir onlayn mağaza yaratmaq arzusunda idi. Ancaq bu layihə üçün maliyyə lazım idi. Ceff onun layihəsi ciddi qarşılanmadığından investor tapa bilmirdi. Yalnız valideynləri ona görə risk etmiş oldular.

Beş il sonra Bezos artıq dünyanın zəngin insanlarından biri idi. Bezos işə başlamamışdan öncə satış bazarını analiz edir və bu qənaətə gəlir ki, poçt vasitəsilə satılan mallar arasında kitabların satışı zamanı kiçik tələbatdan istifadə edilir. Çünki böyük kataloqları göndərmək baha başa gəlirdi. Bu tip informasiyaları internetdə yerləşdirərək asanlıqla geniş auditoriyaya çatdırmaq mükəmməl bir iş idi.

Ceff Bezos və “Amazon.com”

1994-cü ildə şəxsi şirkətini - “Amazon.com”-u təsis edir. Onda Ceff öz qərarını belə xarakterizə edir: "Mən həqiqətən bu ağılsızlığı etməyə hazırlaşıram. Mən internet vasitəsilə kitabların satışı ilə məşğul olacaq şirkətin əsasını qoymaq niyyətindəyəm".

Qısa zaman ərzində “Amazon.com” artıq ABŞ-ın “Barnes & Noble” kimi ən böyük ənənəvi kitab satışı şirkətilə müvəffəqiyyətlə rəqabət aparırdı. Bu səbəbdən “Barnes & Noble” şəxsi internet mağazaları açır. Ceff Bezosun əsas uğuru müştərilərə fərdi yanaşmasında idi. 1999-cu ildə “Amazon.com”-un satış həcmi 8 milyard dollara çatır. Həmin il "The Times" jurnalı onu “ilin adamı” adlandırıb.

Hal-hazırda “Amazon.com” xidməti malların 34 kateqoriyasını əhatə edir: elektron kitablar, multimedia məhsulları, məişət elektronikası, uşaq oyuncaqları, qida məhsulları, idman malları və bir çox başqa məhsullar.

2011-ci il, 18 oktyabr tarixində “Amazon.com” ən məşhur komiks nəşriyyatlarından biri olan “DC Comics” ilə əməkdaşlığa başlayıb. Əldə olunmuş razılığa əsasən “Amazon” “Supermen”, “Betmen”, “Yaşıl Fənər”, “Qum adamı” daxil olmaqla ən məşhur komikslərin elektron versiyaları üzrə xüsusi hüquq əldə edib.

İnternet mağazasının saytında alıcılar alınmış mallar haqqında cavabları qoya və onları qiymətləndirə bilərlər. Bu da digər müştərilərə keyfiyyətli məhsulları seçməyə kömək edir.

Bundan əlavə, məhsul haqda ekspertlərdən məsləhət almaq mümkündür. Xəbərlərə abunə olan müştərilərə maraqlandıqları məhsullar barədə son informasiyaları mütəmadi olaraq göndərirlər.

C.Bezosun şirkəti artıq planşetlər də istehsal edir

"Amazon" şirkətinin ən böyük uğurlarından biri də "Kindle" ailəsinə mənsub rider və planşetlərin yeni nəslini təqdim etməsi olub. Ötən il "Amazon" şirkəti "Kindle Touch" riderinin yeni versiyasını təqdim edib. O, artıq "Kindle Paperwhite" adlanır. Yeni versiyadakı işıqlandırma sistemi sayəsində qurğunu qaranlıqda və zəif işıqlanma dərəcəsi olan şəraitdə istifadə etmək daha rahatdır. Bundan əlavə, "Paperwhite" riderinin ekranı hazırda 1024x768 piksel təsvir ölçüsünə malikdir və "E Ink"-in yeni texnologiyası əsasında hazırlanıb.

"Amazon" şirkətinin yeni internet-planşeti, həmçinin 7 düymlü ekrana malikdir, lakin yeni versiyada "RAM"-ın həcmi iki dəfə artırılıb və ümumi məhsuldarlıq yeni prosessorun sayəsində 40 faiz artıb. Həmçinin avtonom iş vaxtı artıb. "Amazon" şirkəti, həmçinin 1920x1200 piksel təsvir ölçüsünə malik 8,9 düymlü planşetini də təqdim edib. 8,9 düymlü "Kindle Fire HD" planşetinin qalınlığı 8,8 millimetr təşkil edir və sələfindən təxminən 25 faiz daha parlaq ekrana malikdir. O, "ARM Cortex A9 OMAP4470" ikinüvəli prosessoru və "Dolby Digital" spikerləri ilə təchiz olunub. Həmçinin ikidiapazonlu "Wi-Fi" çipi, siqnalın yaxşı qəbul olunması üçün iki daxili antena mövcuddur. "Amazon" şirkəti iddia edir ki, "Fire HD" planşeti "Google Nexus 7"-dən 54 faiz və "iPad 3"-dən isə 41 faiz sürətlidir.

Hər iki yeni "Fire" modelləri ön kameraya, həmçinin "HDMI" və "Bluetooth" porta malikdir. “Kindle Fire” planşeti “Amazon” xidmətləri - musiqi, kitab, axın videosunun kirayə xidməti, "bulud" anbarı və proqramlar mağazası ilə əlaqələndirilib. Veb-sörfinq üçün şirkətin "bulud" imkanlarından istifadə edən məhsuldar “Amazon Silk” səyyahı nəzərdə tutulub.

“Amazon” smartfon hazırlamağı planlaşdırır

Şirkət həmçinin şəxsi brendi altında smartfon təqdim etməyə hazırlaşır. Smartfon “Amazon” və “Foxconn İnternational Holding” (FİH) müqavilə istehsalçısı ilə birlikdə hazırlanır. Aparatı “TMS” biznes qrupu istehsal edəcək.

Analitiklər güman edirlər ki, “Amazon”-smartfonun əsas özəlliyi “Texas İnstrument OMAP 4” prosessoru olacaq və proqram platforması kimi “Android” əməliyyat sistemindən istifadə ediləcək. Şirkət ciddi-cəhdlə təqdim edəcəyi smartfonların patent hüquqlarına dair hazırlıqlara da başlayıb.

100 ən innovativ şirkətdən biri

“Amazon.com” ABŞ xaricində internet-ticarət bazarlarına ekspansiyanı aparır: Böyük Britaniyada, Almaniyada, Yaponiyada, Fransada, İtaliyada və Çində “Amazon” markasının milli klounları mövcuddur.

“Amazon.com”-un mənzil-qərargahı Vaşinqton ştatının Sietl şəhərində yerləşir. Hazırda dünyada 20 mindən artıq işçisi var. Şirkət 2011-ci ildə “Forbes” jurnalının dünyanın ən qabaqcıl qərar və məhsullar təklif edən 100 ən innovativ şirkətinin dərc etdiyi reytinq siyahısında ikinci yeri tutub.

Bununla yanaşı, “ComScore” şirkətinin açıqladığı veb-ticarətlə və internet vasitəsilə mal və ya xidmətlərin satışı ilə məşğul olan aparıcı onlayn resurslarına daxilolmaların statistikasına əsasən “Amazon” saytları 282 milyondan çox ziyarətçi və ya təxminən 15 yaşdan yuxarı internet istifadəçilərinin 20,4%-ni cəlb edə bilib. Başqa sözlə, bu veb-mağazaya şəbəkəyə (göstərilmiş yaş kateqoriyasında) girişi olan planetin hər beşinci sakini daxil olub.

Məlumat üçün bildirək ki, Ceff Bezos əldə etdiyi uğurlarla kifayətlənməyib. XXI əsrin başlanğıcında o, yeni şirkət yaradıb: “Blue Origin”. Şirkət zamanla kosmik nəqliyyat vasitələrinin və texnologiyaların hazırlanması ilə məşğul olur.

Cahangir Atakişiyev




19/01/13    Çap et