Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda daşınan nömrələr layihəsinin tətbiqinə aprelədək başlanılacaq
Azərbaycanda daşınan nömrələr layihəsinin (Mobile Number Portability) tətbiqinə bu ilin aprel ayından gec olmayaraq başlanılacaq. Bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Nazirin sözlərinə görə, layihənin icrasında müşahidə olunan ləngimənin səbəbi mobil rabitə operatorlarının hamısının buna tam hazır olmaması ilə bağlıdır: «Layihənin tətbiqi üçün yalnız mobil rabitə operatorları deyil, fiks olan sabit operatorlar da buna hazır olmalıdır və onların texnoloji baxımdan tam hazır olmaması bu layihənin tətbiqini ləngidir».
Buna baxmayaraq, Ə.Abbasov qısa zaman ərzində prosesə start veriləcəyini vurğulayıb: «Hesab edirəm ki, layihənin tətbiqi hər ay baş verə bilər və düşünürəm ki, bu layihəyə aprelin 1-dən gec olmayaraq başlanılacaq».
Qeyd edək ki, Azərbaycanda Mobile Number Portability xidmətləri çərçivəsində mobil rabitə operatorları üzrə telefon nömrələrinin abunəçinin istəyinə uyğun olaraq digər operatorun şəbəkəsinə daşınması mexanizminin tətbiqi nəzərdə tutulur.
«Daşınan nömrələr» xidmətinin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər. Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və ya 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. Xidmətin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə, telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu isə o deməkdir ki, abunəçinin operatoru dəyişəcəyi halda yeni nömrə almaq, köhnə nömrəsinin yaddaş kitabçasında olan nömrələri köçürmək və nömrənin dəyişməsi barədə öz yaxınlarına, biznes partnyorları və həmkarlarına məlumat göndərmək zərurəti qalmayacaq.
21/01/13 Çap et