Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Tacikistanda bəzi internet saytlarına giriş yenidən əngəllənib
Tacikistanın Rabitə Xidməti ölkədə fəaliyyət göstərən bir sıra saytlara və sosial şəbəkələrə qarşı yenidən total “mübarizə”yə keçib. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, adıçəkilən ölkənin Rabitə Xidməti arasında «Facebook»un da olduğu bəzi müxalif fikirli xəbər saytlarına girişi bağladığını bildirib. Türkiyə mətbuatının yaydığı xəbərə görə, belə bir qadağa bu ilin yanvarın 19-da verilən açıqlamada göstərilib.
Əvvəlcə ölkədəki internet provayderi şirkətlərinə, haqqında danışılan ictimai paylaşma və xəbər saytlarına daxilolmanın qarşısının alınacağı ilə əlaqədar gizli nömrəli cib telefonlarından bir mesaj göndərilib. Bundan sonra ölkədəki bəzi internet provayder şirkətləri, “Facebook” və bəzi müxalif fikirli xəbər saytlarına olan girişə maneə törədiblər.
Lakin bununla yanaşı, bir neçə internet provayder şirkəti Rabitə Xidmətinin sözügedən məsələ ilə bağlı rəsmi şəkildə yazılı məktubunu gözlədiklərini açıqlayıblar.
Məlumat üçün bildirək ki, ötən il Tacikistan Rabitə Xidməti sosial şəbəkələrdən biri olan «Facebook» ilə hökumət barəsində tənqidi yazılar dərc edən bəzi xəbər saytlarına daxil olmağı əngəlləmək üçün bir neçə dəfə maneələr yaratmışdı. Son dəfə ötən ilin dekabrında başda ABŞ və Avropa Birliyinin sərt reaksiya göstərməsindən sonra həmin maneələr aradan qaldırılmışdı.
Qeyd edək ki, həmin dönəmdə yayılan məlumatlara görə, Tacikistanda yüzdən çox sosial şəbəkəyə giriş əngəllənib. Onlayn resursların “qara siyahı”sına «Odnoklassniki.ru» sosial şəbəkəsi, mikrobloq «Twitter» sevrvisi, məşhur tacik videoportalı «topvideo.tj» və başqaları daxil olub.
İş orasındadır ki, Tacikistan 131 «arzuedilməz» sayta girişi bağlamaq niyyətindədir və bu barədə məlumatlar da ara-sıra ictimaiyyətə sızdırılır. Lakin bu istiqamətdə veriləcək qərarın səbəbləri açıqlanmayıb.
SEYMUR
21/01/13 Çap et