Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda avtomobil nömrələri internet vasitəsilə satılacaq


Yaxın vaxtlarda Azərbaycanda avtomobil nömrələrinin internet vasitəsilə satışına başlanılacaq. Bununla bağlı yeni internet resursları yaradılır. Məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsində bununla bağlı artıq işlər başlanılıb və yaxın gələcəkdə yekunlaşacaq. Yaradılacaq elektron xidmət növü yeni avtomobil almış fiziki şəxslərə və ya hüquqi şəxslərə siyahını təqdim edəcək.

Siyahıda avtomobil nömrələrinin qiymətləri də yer alacaq. Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hazırda texniki məsələlər həll edilir. Siyahı günbəgün yenilənəcək və satılmış nömrələr çıxarılaraq onların yerinə yeni seriyalar təqdim olunacaq: “Bu zaman müəyyən, şərti olaraq deyək ki, “BB” seriyasının satılıb qurtarması gözləniləcək.

Yəni birdən-birə B-dən Z-yə keçmək mümkün deyil. Amma rəqəmdən asılı olaraq nömrə alan şəxs 005-i yox, 099 və ya 999 nömrəsini seçə bilər”.

Qeyd edək ki, 2011-ci ildə “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər qəbul edilib. Qanun layihəsində nəzərdə tutulur ki, dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası 001-dən 009-a qədər və seriyası müxtəlif hərflərdən ibarət olduqda 1500, seriyası eyni hərflərdən ibarət olduqda 2500 manat rüsum ödənilir.

Digər dəyişikliyə əsasən, rəqəmlərin kombinasiyası 100-dən 900-ə qədər və seriyası müxtəlif hərflərdən ibarət olduqda 1000, eyni hərflərdən ibarət olduqda 1500 manat ödənilir.

Bundan başqa, rəqəm kombinasiyası 111-dən 999-a qədər və seriyası müxtəlif hərflər üçün 500, eyni hərflər üçün 1000 manat müəyyən edilir. Bu rəqəmlər və hərflərin kombinasiyası istisna olmaqla, digər dövlət qeydiyyatı nişanlarının verilməsinə, habelə, bu rəqəm və hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyatı nişanlarının təkrar verilməsinə görə dövlət rüsumu 18 manat müəyyənləşdirilir.

Qeyd edək ki, 2012-ci ilədək bütün nəqliyyat vasitələrinə görə nömrə nişanları üçün rüsum 18 manat olub.

RƏVAN




21/01/13    Çap et