Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda fəaliyyətə başlamaq istəyən xarici ölkə sahibkarları internet portalı vasitəsilə müraciət edir
2012-ci ilin dekabr ayında 14 minə yaxın internet istifadəçisi İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılmış "www.icazeler.gov.az" portalının xidmətlərindən istifadə edib.
Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə adıçəkilən nazirliyin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, internet istifadəçiləri tərəfindən maraqla izlənilən "www.icazeler.gov.az" portalı icazəverici sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər barədə sahibkarlar, bu fəaliyyətə başlamaq istəyənlər və fəaliyyətini genişləndirmək istəyən iş adamları üçün vahid informasiya mənbəyidir.
Mətbuat xidməti qeyd edir ki, portala müraciət edənlərin 700-ə yaxını Almaniya, Türkiyə, ABŞ, Rusiya, Böyük Britaniya, Gürcüstan, Ukrayna, Çexiya, Lüksemburq, Fransa, Litva, Danimarka, Belarus, Polşa, Sinqapur, Ermənistan, Mərakeş, Qətər, Qazaxıstan, Cənubi Koreya, Kanada, Birləşmiş Ərəb Əmirliyi, İslandiya, İsveçrə və İran kimi ölkələrdir.
Ümumilikdə isə, 2012-ci ilin mart ayından fəaliyyətə başlayan portaldan indiyədək 75 mindən çox internet istifadəçisi yararlanıb. Sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir.
Təkcə dekabr ayında 14 mərkəzi icra hakimiyyəti orqanının 34 qanunvericilik aktlarının layihələri "www.icazeler.gov.az" portalında yerləşdirilib.
SEYMUR
21/01/13 Çap et