Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Naxçıvan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2012-ci ilin yekunları müzakirə olunub
Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Kollegiya iclasında rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov geniş məruzə ilə çıxış edib.
Qeyd olunub ki, ötən ilin mart ayında Şərur rayonu "Rabitə evi" və Şərur və Sədərək rayonlarını əhatə edən "Yeni nəsil" telekommunikasiya sisteminin idarəetmə mərkəzi istifadəyə verilib. "Rabitə evi"ndə işçilər üçün bütün infrastruktur yaradılmış, xidmət sahələri tamamilə kompüterləşdirilib. Şərur və Sədərək rayonlarını əhatə edən ehtiyat idarəetmə sisteminin istifadəyə verilməsi ilə muxtar respublika ilk dəfə tam alternativi olan dayanıqlı telekommunikasiya şəbəkəsinə malik olub.
Muxtar respublikanın şəhər və rayon mərkəzləri arasında fiber-optik kabellə rabitənin və avtomat telefon stansiyalarının optik arabağlantılarla təşkili ilə əlaqədar işlər ötən ildə də davam etdirilmiş, 30 kənd avtomat telefon stansiyasının arabağlantıları optik kabel xətləri ilə əvəz edilib. Hazırda muxtar respublika üzrə mövcud olan 124 elektron avtomat telefon stansiyasından 101-i optik arabağlantılarla təmin edilmiş, Culfa rayonunun Nəhəcir kəndində
"Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Ehtiyat Yerüstü İdarəetmə Mərkəzinə 14 km, Şərur rayonunun Gümüşlü kəndi yaxınlığındakı Arpaçay Su Elektrik Stansiyasına 11 km uzunluğunda optik kabel xətləri çəkilib. Bundan əlavə, ötən ilin avqust ayından etibarən Naxçıvan şəhərində
"Evədək optika" layihəsinin icrasına başlanılmış, ilin sonunadək 10 abonentin evinə optik kabellə yeni xidmətlər verilib. Nazir bildirib ki, 2012-ci il ərzində 12 poçt bölməsi və 25 avtomat telefon stansiyaları yeni binaya köçürülmüşdür. Poçt bölmələrindən 6-sı yeni açılmış, avtomat telefon stansiyalarından isə 17-si yeni qurulub istifadəyə verilib. Muxtar respublikada yeni avtomat telefon stansiyaları və "Naxtel" simsiz rabitə şəbəkəsi üzrə yeni baza stansiyalarının istifadəyə verilməsi nəticəsində 1616 ədəd məftilli, 808 ədəd məftilsiz olmaqla ümumilikdə 2424 ədəd yeni telefon nömrəsi istismara verilmiş, hər 100 ailəyə düşən sabit telefonların sayı 66-ya çatdırılıb.
Ötən il informasiya-kommunikasiya texnologiyaları sektoru üzrə əldə olunan gəlirlərin həcmi 2011-ci ilin analoji dövrü ilə müqayisədə 7 faiz artaraq 42 milyon manatdan artıq olub.
Yaşayış məntəqələrində genişzolaqlı internet xidmətlərinin təşkil edilməsi ilə əlaqədar ötən il ərzində Şərur və Sədərək rayonları ərazilərində 3-cü nəsil telekommunikasiya sistemi və 57 yaşayış məntəqəsində genişzolaqlı internet xidmətləri üçün avadanlıqlar qurulub. Hazırda muxtar respublikanın yaşayış məntəqələrinin 58 faizində genişzolaqlı internet xidmətləri göstərilir. Genişzolaqlı internet xidmətlərinə qoşulmanın avtomatlaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzində "Billinq" sistemi yaradılmış, üzərində
"Milli dəyərlər" ilinə həsr edilmiş təsvirlər olan internet kartları hazırlanaraq satışa buraxılıb. İl ərzində yeni istifadəyə verilən ümumtəhsil məktəblərinin hər birinin kompüter siniflərində şəbəkələr qurulmuş, istifadə olunan 2896 kompüterdən 2643-ü və ya 83 faizinin internetə qoşulması təmin edilib. "Xalq kompüteri" layihəsi çərçivəsində il ərzində 695 ədəd kompüter güzəştli şərtlərlə əhaliyə satılıb.
R.Məmmədov qeyd edib ki, "Elektron hökumət"in formalaşması ilə bağlı "Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 15 iyul 2011-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilən vəzifələrin icrası ilə bağlı 73 dövlət orqanının internet səhifəsi hazırlanmış, onlara domen adları, elektron poçt ünvanları verilmiş və qlobal şəbəkədə yerləşdirilib.
Həmin Fərmanın icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 20 dekabr 2012-ci il tarixli «Elektron xidmət növlərinin Siyahısı»nın təsdiq edilməsi haqqında Qərara əsasən, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 34 dövlət orqanına elektron xid¬mətlərin göstərilməsi üçün reyestr kodları verilmiş, xidmətlərin reqlamentlərinin hazırlanmasında dövlət orqanlarına müvafiq köməklik işləri davam etdirilir.
19 yanvar 2012-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən "Elektron hökumət" layihəsinin həyata keçirilməsi vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda müşavirədə verilən tapşırıqlar rəhbərliyə alınaraq, 2013-cü ilin birinci yarısınadək "Elektron İmza Sertifikat Mərkəzi"nin və "Elektron hökumət" portalının yaradılması üçün fəaliyyət planı hazırlanıb.
Ötən ilin fevral ayının 5-dən etibarən rəqəmsal televiziyanın yayımına başlanılmış, muxtar respublikanın əsas yaşayış ərazilərinin təxminən 60 faizində 12 televiziya kanalının rəqəmsal formatda yayımı təmin edilib. Bundan əlavə bu ilin dekabr ayında Ukrayna Respublikasının "Kvant-Efir" şirkəti ilə bağlanmış müqaviləyə əsasən, Duzdağ Radio Televiziya Verici Stansiyasında mövcud televiziya verici rekonstruksiya olunaraq 38-ci TV kanal üzərindən rəqəmsal yayıma başlayıb. Hazırda digər vericilərin rekonstruksiyası üçün şirkətlə danışıqlar aparılır.
Qeyd olunub ki, 2012-ci ilin sentyabr ayının 1-dən etibarən əhaliyə göstərilən poçt xidmətinin keyfiyyətinin daha yüksək səviyyədə təşkil edilməsi üçün muxtar respublikada teleqram və maniqramların göndərişi və qəbulu "Colvir" sistemi üzərinə köçürülmüş, əməliyyatçılara bu sistemin öyrədilməsi üçün nazirlikdə kurslar təşkil edilib. "Maliyyə xidmətlərinin inkişafı" layihəsinə uyğun olaraq, muxtar respublikanın 82 poçt şöbə və bölməsində kompüter avadanlıqları quraşdırılmış, mərkəzi server sisteminin yaradılması üçün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə birlikdə işlər davam etdirilir. Yaxın müddətdə kommunal xidmət haqlarının poçt şöbə və bölmələrində toplanması xidmətinin istifadəyə verilməsi nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ünvanına il ərzində 176,8 ton çəkidə bağlama daxil olmuş, 22,3 ton çəkidə bağlama göndərilib. Ümumilikdə muxtar respublikaya 215,5 ton çəkidə poçt göndərişi və bağlamalar daxil olub.
Ötən il Bəhruz Kəngərlinin 120, Hüseyn Cavidin 130, Məmməd Səid Ordubadinin 140 illik yubileylərinə həsr edilmiş zərf və poçt markaları hazırlanaraq poçt tədavülünə buraxılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin "Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında" 19 aprel 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Tədbirlər Planı"nda nəzərdə tutulmuş Naxçıvan Muxtar Respublika Kitabxanasının bazasında "Elektron kitabxana" yaradılıb.
Sonra gündəlikdə duran məsələlərlə əlaqədar çıxışlar olub.
22/01/13 Çap et