Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kasperski: “10 ildən sonra kompüter virusları infrastruktura fiziki zərər yetirə biləcək”


Kompüter virusları 10 ildən sonra müxtəlif cihazlara fiziki zərər yetirə biləcək. "ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, rusiyalı tanınmış proqramçı, kompüter təhlükəsizliyi üzrə mütəxəssis Yevgeni Kasperski bununla bağlı öz əminliyini ifadə edib.

"İnternet-texnologiyalar yüksək templə inkişaf edir" – o, Münhendə keçirilmiş "DLD13" innovasiyalar üzrə konfransda bildirib. "Bədbəxtlikdən, kibertəhdidlər də sürətlə inkişaf edir" - o qeyd edib. "Dağıdıcı imkanlara gəlincə, onlar hər kəs - dövlət, təşkilat, həmçinin cinayətkar və terrorçular üçün açıqdır, - Yevgeni Kasperski xəbərdarlıq edib.

Məsələn, ABŞ həbsxanalarında kompüter şəbəkəsinə çıxış imkanı var". Bu halda məhbusların "ağıllı" telefon vasitəsilə həbsxananın qapılarını açması istisna deyil. Öz növbəsində, finlandiyalı mütəxəssis Mikko Hipponen belə bir fikir ifadə edib ki, gələcəkdə müharibələr, həmçinin kompüter vasitəsilə aparılacaq. "Zərərli proqramların dağıdıcı potensialı çox böyükdür və onu ənənəvi silahla müqayisə etmək olar" – o, buna əmin olduğunu ifadə edib.

"Kibermüharibə infrastruktura qarşı yönəlib" – finlandiyalı mütəxəssis qeyd edib. Onun fikrincə, virusların elektrik stansiyalarına və ya sənaye qurğularına zərər vurması tamamilə gözləniləndir". İnternet üzərindən aparılan müharibə silahlı münaqişələrin bir hissəsi olacaq, - o xəbərdarlıq edib.

Emil Hüseynov




22/01/13    Çap et