Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda internetə çıxış 2017-ci ildə inkişaf etmiş ölkələrin səviyyəsinə bərabər olacaq


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu Azərbaycanda "evlərə optika" modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı İnternet xidmətlərini verən optik şəbəkənin qurulması üzrə layihə hazırlayıb və 2013-cü il üçün bu layihə üzrə 103 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Layihə üç il müddətində həyata keçiriləcək və yüksək rentabellidir. 2014-cü ildən başlayaraq ümumi dəyərin 30-35 faizi reinvestisiya hesabına ödəniləcək.

Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, sürəti 10-100 mbit/s arasında olan genişzolaqlı internetə çıxışı təmin etmək, istifadəçilərin sayını isə təxminən 85 faizə çatdırmaqdır ki, bu da həmin vaxt üçün, yəni 2017-ci ildə inkişaf etmiş ölkələrin səviyyəsinə bərabər olacaq. İnformasiya texnologiyalarının cəmiyyətə nüfuzetmə səviyyəsini artırmaq, əhalinin kompüterlərlə təminatını yaxşılaşdırmaq məqsədilə RİTN-in təşəbbüsü və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə həyata keçirilən "Xalq kompüteri" layihəsi 2012-ci ildə də uğurla həyata keçirilib. Layihə çərçivəsində ali və ümumtəhsil məktəblərinin müəllim, tələbə və şagirdləri 20 285 kompüter əldə edib. Layihə iştirakçılarına mövcud bazar qiymətlərindən 25-40 faiz aşağı, birillik faizsiz kreditlə kompüterlər əldə etməsinə imkan yaradılıb. Dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "E-hökumət üzrə tədris sinfi" yaradılıb.

Bununla yanaşı, regionlarda informasiya cəmiyyətinin inkişaf etdirilməsi, əhali, eləcə də dövlət orqanlarında çalışan əməkdaşlar arasında maarifləndirmə və təbliğat işinin aparılması, kompüter savadsızlığının aradan qaldırılması məqsədilə respublikanın müxtəlif rayonlarında informasiya texnologiyaları ekspertlərinin iştirakı ilə seminarlar keçirilib, olimpiadalar və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunub. Son illərdə respublikamızda İKT sahəsindəki inkişaf dinamikası müxtəlif beynəlxalq təşkilatların qiymətləndirmələrində də aydın şəkildə görünür.

Dünya İqtisadi Forumunun Qlobal İnformasiya Texnologiyaları 2012 "The Global Information Technology Report 2012" hesabatında Azərbaycan "Şəbəkələşmə hazırlığı indeksi"nə görə (Networked Readiness Index) əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 142 ölkəsi arasında 61-ci yerə yüksəlib. Bu hesabata əsasən, ölkəmiz hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə MDB-də I yerdədir.

Həmçinin, Dünya İqtisadi Forumunun "The Global Competitiveness Report 2012-2013" hesabatında "Qlobal rəqabətqabiliyyətlilik indeksi" üzrə Azərbaycan əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutmuş və beləliklə, yenə də MDB məkanında öz liderliyini qoruyub saxlaya bilib. Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) İnformasiya Cəmiyyətinin ölçülməsi "Measuring the Information Society - 2012" adlı hesabatında "İKT inkişaf indeksi" (IDI) üzrə əvvəlki hesabatla müqayisədə 6 pillə irəliləyərək 155 ölkə arasında 68-ci yeri tutub. Bu hesabatda Azərbaycan 10 "Ən dinamik inkişaf edən ölkələr" qrupunda yerini möhkəmlədib. Hesabata əsasən, internet istifadəçilərinin sayına görə isə respublikamız MDB ölkələri arasında birinci yerdədir.

Habelə "İKT qiymət səbəti" göstəricisi üzrə Azərbaycan əvvəlki hesabatla müqayisədə 1 pillə irəliləyərək 53-cü yerdən 52-ci yerə yüksəlib.

HƏQİQƏT




23/01/13    Çap et