Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Firefox OS” ilə işləyən ilk “ağıllı” telefonlar təqdim edilib


"Firefox OS" ("Mozilla" şirkətinin 2011-ci ildən etibarən hazırladığı əməliyyat sistemi) ilə işləyən ilk "ağıllı" telefonlar təqdim edilib. "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Keon" və "Peak" adlı iki aparat təqdim edilib. Hər iki qurğu istehsalçılar üçün nəzərdə tutulub və onlara "Firefox OS"-un ilkin versiyası quraşdırılıb.

Final versiyası hələ ki hazır deyil. "Keon" cihazı 1 QHs takt tezliyində işləyən prosessor, 512 meqabayt əməli yaddaş və 320x480 nöqtə təsvir ölçüsünə malik ekran və narıncı rəngli plastik korpusla təchiz edilib. Daha güclü "Peak" aparatı ikinüvəli "Snapdragon S4" prosessoru ilə təchiz olunub.

Hər iki "ağıllı" telefon ikinci və üçüncü nəsil mobil şəbəkələrə qoşula bilər. Aparatları İspaniyanın "Geeksphone" şirkəti "Telefonica" mobil operatoru ilə əməkdaşlıq çərçivəsində hazırlayıb.

"Keon" fevralda satışa çıxarılacaq, qiyməti haqqında məlumat verilməyib; "Peak" aparatının çıxarılma tarixi haqqında hələ ki heç nə məlum deyil. Məlumat üçün bildirək ki, "Firefox OS" "ağıllı" telefon və planşetlər üçün nəzərdə tutulmuş açıq qaynaq koduna malik əməliyyat sistemidir.

Emil Hüseynov




23/01/13    Çap et