Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xınalıqda genişzolaqlı internet xidmətlərinə çıxış təmin olunacaq


Yaxın vaxtlarda Qubanın Xınalıq kəndində genişzolaqlı internet xidmətlərinə çıxış təmin olunacaq. Quba TKQ-nin rəisi Nazim Əliyevin "ICTnews.az"-a verdiyi məlumata görə, "Aztelekom" İB-nin internetin inkişafı konsepsiyasına uyğun olaraq bu istiqamətdə tədbirlər görülür.

"Hazırda rayonun ən ucqar kəndlərində genişzolaqlı internet xidməti mövcuddur. Qeyd etdiyim kimi, yaxın vaxtlarda Xınalıq kəndinin sakinləri bu xidmətdən yararlanacaq. Bunun ardınca Xaltan, Söhüb, Yerpi, Əlik, Qonaqkənd, Afurca kəndlərində də bu xidmət tətbiq olunacaq. Sakinlər xidmət keyfiyyətindən razıdır. Əvvəllər radiotelefonla telefon xidməti ilə təmin edilən, daha sonra elektron ATS-in xidmətlərindən yararlanan kənd sakinləri bu gün internet vasitəsilə nəhəng internet şəbəkəsinə çıxa bilərlər"- deyə rəis bildirib.

Qeyd edək ki, bu il ən ucqar kəndlərdə belə genişzolaqlı internet çıxış təmin olunacaq.

RƏVAN




23/01/13    Çap et