Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AMD” beyin axınının qarşısını alır


Fərdi kompüterlərə (FK) tələbatın azalmasına görə yeni bazarlara çıxmağa çalışan "Advanced Micro Devices" (AMD) şirkəti "Qualcomm" və "Apple" şirkətlərində iş təcrübəsinə malik iki aparıcı mühəndisi işə götürüb. 

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, bu yaxınlara kimi "Qualcomm" şirkətində çalışan aşağı enerji sərfiyyatına malik çiplər üzrə mütəxəssis Çarlz Matar "AMD" şirkətinə qoşulacaq. Şirkətin digər bir əməkdaşı 1990-cı illərdə "Apple" şirkətində "Mac" kompüterləri üzərində çalışan Ueyn Meretski olacaq.

O, "AMD"-nin prosessorları üçün proqram təminatının hazırlanması üzrə vitse-prezident vəzifəsində işləyəcək. Son aylara istehsalçı biznesinin şaxələndirilməsi üzrə tədbirlər görür. "AMD" mobil bazara çıxmaq istəyir, çünki müştərilərin əksəriyyəti artıq FK-yə deyil, "ağıllı" telefon və planşetlərə üstünlük verir. "AMD" əvvəllər FK, noutbuk, server, məişət cihazları üçün prosessor tədarükü ilə məşğul olurdu. Lakin həmin çiplər çox tez qızdığına görə mobil qurğularda istifadəyə yararlı deyildi.

İstehsalçı strategiyasını 2011-ci ilin yayında dəyişdi. 2012-ci ilin sonunda şirkət özündə hesablama gücünü və aşağı enerji sərfiyyatını birləşdirən "APU Z-60" (Hondo) çipini təqdim etmişdi. "AMD" 2013-cü ilin birinci yarısına "Windows 8" ƏS ilə işləyən planşetlər üçün yeni "Temash" prosessorunun istehsalını planlaşdırıb. Şirkət elan edib ki, 2012-ci ildə onun illik gəliri 5,4 milyard dollar təşkil edib.

Bu göstərici 2011-ci illə müqayisədə 17 faiz aşağıdır. 2011-ci ildə "AMD" 1,18 milyard dollar həcmində xalis zərərə məruz qalmışdı. İstehsalçının proqnozuna görə, onun gəliri 2013-cü ilin birinci rübündə daha 6-12 faiz aşağı düşəcək.

Emil Hüseynov




23/01/13    Çap et