Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakı Bulvarına “3D” formatda virtual səyahət etmək olacaq
Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Bakı Bulvarının "3D" formatda 360 dərəcəlik virtual turlarını media nümayəndələrinə təqdim edib.
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə çıxış edən idarənin rəis müavini Nazim Məcidov deyib ki, indi internet istifadəçiləri Bakı Bulvarı ilə daha yaxından tanış olmaq üçün yaxşı fürsət əldə ediblər. Belə ki, onlar bulvarın 300 nöqtədən çəkilmiş virtual turlarını seyr edə bilərlər. Bu turlar həm gecə, həm də gündüz çəkilib.
Bakı Bulvarındakı bütün çəkilişlər "baku3d.az" saytı tərəfindən həyata keçirilib. İnternet istifadəçilər həm bizim rəsmi saytımıza (bakubulvar.gov.az/), həm də "Baku3d.az" saytına daxil olub həmin virtual turlara baxa bilərlər. "Baku3d.az" saytının rəhbəri Xosrov Həsənbəyov bildirib ki, Bakı Bulvarının çəkilişi Azərbaycana gələn turistlər üçün də daha maraqlı və cəlbedici olacaq. Ona görə ki, çəkilən virtual turlar yüksək HD keyfiyyəti ilə çəkilib.
Hər kəs asanlıqla sayta daxil olub virtual turların gəzintisi ilə tanış ola bilər. Bakı Bulvarının çəkilişinə 21 min manat vəsait sərf olunub. Onun sözlərinə görə, "Baku3d.az" saytının əsas məqsədi paytaxt Bakıda olan parkları, muzeyləri, məscidləri, tarixi abidələri, mədəniyyət ocaqlarını, hotel-restoranları, gözəllik salonlarını, avtosalonları, vağzal, nəqliyyat servisləri, idman kompleksləri, klinikaları, ticarət və əyləncə mərkəzlərini və s. "3D" formatında birləşdirməkdir. Sayt kataloq xarakter daşıyır.
Ümumiyyətlə, saytın unikallığı ondan ibarətdir ki, internet istifadəçiləri "Google" və "Gomap" xəritələrindən Bakının istənilən rayon və qəsəbəsini açıb, daha sonra həmin yerdə olan parkların, muzeylərin, məscidlərin, tarixi abidələrin, hotel-restoranların və s. yerlərin "3D" panoramasını görəcəklər.
Xosrov Həsənbəyov həmçinin bildirib ki, Azərbaycanda ilk dəfə olaraq "Baku3d.az" saytı helikopter vasitəsilə Bakı Bulvarını virtual turlarında çəkəcək. Sonda həmin helikopter media nümayəndələrinə təqdim olunub.
SEYMUR
24/01/13 Çap et