Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2013-cü ilin sonuna “Android” üçün 1 milyon təhlükə olacaq


Dünyanın aparıcı antivirus istehsalçılarından biri olan “Trend Micro” şirkətinin proqnozuna görə, 2013-cü ilin sonuna “Android” platforması ilə işləyən mobil qurğulara hücum edəcək zərərli proqramların sayı 1 milyona çatacaq.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, hesablama düz olsa, indiyə qədər “Android” üçün hazırlanmış təhlükələrin sayı təxminən 3 dəfə artacaq. 2012-ci ilin sonunda “Trend Micro”nun mütəxəssislərinin hesablamasına görə, “Google”-un mobil platformasına hücum üçün nəzərdə tutulmuş təxminən 350 min zərərli və təhlükəli tətbiq mövcuddur.

Qeyd edək ki, 3 il ərzində “Android”-virusların sayı fərdi kompüter seqmentində yalnız 14 ildən sonra qeydə alınmış göstəriciyə çatıb. “Trend Micro” şirkətinin kibertəhlükəsizlik sahəsində aparılan tədqiqatlar üzrə vitse-prezidenti Rik Ferquson bildirib ki, kibercinayətkarlar fəaliyyət coğrafiyasını genişləndirməyə və daha təkmil hücumlardan istifadə etməyə başlayıblar.

"Təhlükəsizlik sistemləri üzrə istehsalçılar bundan sonra da bu tendensiyaları izləməli və onları qabaqlamalıdırlar" – Rik Ferquson xəbərdarlıq edib.

Emil Hüseynov




24/01/13    Çap et