Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İstifadəçilər “YouTube”-da hər ay 4 milyard saat vaxt keçirir
“Google”-un rüblük nəticələrinə həsr edilmiş konfransda “YouTube” videohostinqinin imkanları da müzakirə edilib. Qeyd edək ki, internet nəhəngi onu 2006-cı ildə 1,65 milyard dollara satın almışdı.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Google”-un beynəlxalq satışlar və inkişaf üzrə prezidenti Nikeşa Arora qeyd edib ki, 2012-ci ildə “YouTube” istifadəçiləri saytda ay ərzində 4 milyard saatdan çox vaxt keçiriblər. Prezident, həmçinin vurğulayıb ki, hazırda videohostinq xidməti 400 milyondan çox mobil qurğuda əlçatandır.
"YouTube”-un müasir dünyada mövqeyi yaxşıdır" – Arora bildirib. Hazırda bir çox tanınmış brendlər internetdə marketinq vasitəsi kimi videoçarxlardan istifadə edir. Bu, “YouTube”-a da öz təsirini göstərib: ötən il elan verənlər xidmətə 2011-ci illə müqayisədə 50 faiz daha çox pul ödəyiblər.
Məsələn, cənubi koreyalı reper PSY-nin "Gangnam Style" çarxının səhifəsində yerləşdirilmiş reklamdan “YouTube” təxminən 8 milyon dollar həcmində gəlir əldə edib. 2012-ci ildə videoportalın reklam gəliri 2008-ci illə müqayisədə 5 dəfə artıb.
Emil Hüseynov
24/01/13 Çap et