Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda ilk dəfə olaraq sosial şəbəkələrdən istifadə haqqında videotəlimlər yaradılacaq


Bu gün Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayının 1 milyona çatması və 2013-cü il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “İKT ili” elan olunmasını nəzərə alaraq, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Azərbaycanın Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Xətdə” Sosial Şəbəkə Akademiyasına start verilib.

“ICTnews” elektron xəbər xidmətinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elektron portalına istinadən verdiyi məlumata görə, akademiyanın məqsədi region gənclərinin şəbəkələşməsi, gənclərin İT sahəsinə marağının artırılması, Azərbaycanda ilk dəfə olaraq sosial şəbəkələrdən düzgün istifadə üçün alətlərin yaradılması və sosial şəbəkələrin düzgün istifadəsinin təbliğ olunmasıdır.

Akademiya çərçivəsində, Azərbaycanda ilk dəfə olaraq sosial şəbəkələrdən istifadə haqqında videotəlimlər yaradılacaq. Həmçinin sosial şəbəkələrin yaratdığı imkanlar, dünya təcrübəsində sosial şəbəkələrin istifadə, sosial şəbəkələrin istifadə məqsədləri və s. mövzularında Azərbaycanın şəhər və rayonlarında təlimlər keçiriləcək.

Daha sonra fəal gənclərin iştirakı ilə “Facebook”, “Twitter” və “YouTube”-da bir sıra kampaniyalar həyata keçiriləcək.

CAHANGİR




25/01/13    Çap et