Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ziya Məmmədov: «4 elektron xidmət üzrə inzibati reqlamentlərin layihələri hazırlanıb»
Nəqliyyat Nazirliyində 2012-ci ilin yekunlarına dair kollegiya iclası keçirilib. İclasda müvafiq qurumların və strukturların hesabatları dinlənilib.
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, kollegiyanın sədri, nəqliyyat naziri Ziya Məmmədov vurğulayıb ki, son illərdə Azərbaycan iqtisadiyyatında müşahidə edilən hərtərəfli və sürətli inkişaf nəqliyyat-yol kompleksinin fəaliyyətində də öz əksini tapır. Nazir 2012-ci il ərzində nəqliyyat sektorunda aparılmış islahatlar, görülmüş işlər barədə danışaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti, ölkənin sosial-iqtisadi həyatının bütün sahələrinin tərəqqisinə xüsusi diqqəti nəticəsində Azərbaycan iqtisadiyyatının, eləcə də nəqliyyat-yol kompleksinin yüksək inkişaf səviyyəsinə çatdığını, nəqliyyat sektorunda regional əhəmiyyətli infrastruktur layihələrinin uğurla həyata keçirildiyini vurğulayıb.
Kollegiyada 2012-ci ilin yekunları və 2013-cü ilin perspektiv planları ilə bağlı geniş və ətraflı məlumat verilib. Bildirilib ki, dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinin təşkili sahəsində müvafiq işlər aparılıb və hesabat dövrü ərzində Bakı sərnişin stansiyasında quraşdırılan POS-terminal vasitəsilə gedişhaqlarının nağdsız plastik kartlar vasitəsilə ödənilməsi üçün yeni proqram təminatı işlənilib.
Kassalarda 15 ədəd POS-terminal qurğusu tətbiq olunub və gedişhaqqı plastik kartlar vasitəsilə həyata keçirilməyə başlanıb. Stansiya-vağzal ərazisində 2 informasiya mərkəzi və xarici vətəndaşlar üçün məlumat mərkəzi yaradılaraq lazımi avadanlıqlarla təchiz edilib. Bundan başqa şəhərimizə gələn qonaqları istiqamətləndirmək üçün ərazidə marşrut göstəriciləri vurulub, eyni zamanda vizual informasiya vasitələri ingilis və Azərbaycan dillərində olmaqla yenidən işlənib hazırlanıb.
Bilet kassalarında, kassalara keçid dəhlizlərində, tunel keçidində yerləşən saxlama kamerasında, gözləmə və rəsmi nümayəndələr zalında, vağzal rəisi və vağzal növbətçisi otağında yanğına qarşı avtomatik xəbərdaredici siqnalizasiya quraşdırılıb. «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli, 429 nömrəli Fərmanının müvafiq müddəalarının icrası ilə əlaqədar, "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli Qərarına uyğun olaraq, təsdiqi Nəqliyyat Nazirliyinə həvalə edilmiş 4 elektron xidmət üzrə inzibati reqlamentlərin layihələri hazırlanıb, nazirliyin elektron xidmət portalı istifadəyə verilib».
Kollegiya iclasına yekun vuran nazir Z.Məmmədov ümumilikdə nəqliyyat-yol kompleksi üzrə 2012-ci ilin yekunlarını qənaətbəxş hesab edib. Bununla yanaşı, kollegiyanın sədri qurumların fəaliyyətində müəyyən qüsurların olduğunu, avtomobil və dəmir yolları sahəsində, sərnişindaşımada bəzi problemlərin hələ də həll edilmədiyini xatırladıb və bununla bağlı sistemli tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verib.
SEYMUR
25/01/13 Çap et