Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nağd Pulun İdarəetmə İnformasiya Sistemi”nin yaradılması ilə əlaqədar seminar keçirilib


Azərbaycan Mərkəzi Bankı (MB) tərəfindən "Nağd pul idarəetməsinin ən müasir standartlarının formalaşdırılması" Proqramı çərçivəsində realizasiyası həyata keçirilən "Nağd Pulun İdarəetmə İnformasiya Sistemi"nin (CMS) yaradılması layihəsi üzrə kredit təşkilatları üçün seminar keçirilib.

MB-nin mətbuat xidmətindən "ICTnews.az" elektron xəbər xidmətinə verilən məlumata görə, seminarın məqsədi mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq bütövlükdə bank sektorunda nağd pulla əməliyyatları real vaxt rejimində əhatə edən, mərkəzləşdirilmiş vahid informasiya bazasının və hesabatlıq sisteminin yaradılmasını nəzərdə tutan CMS-in əsas prinsipləri və kredit təşkilatlarında tətbiq olunacaq müvafiq sistemlərə inteqrasiyası ilə bağlı zəruri metodiki göstərişlərin verilməsindən ibarətdir.

Seminarda Mərkəzi Bankın baş direktoru A.Vəliyev müvafiq proqram çərçivəsində nağd pul blokunda həyata keçirilən layihələr, strateji dövrdə qarşıda duran hədəflər və eləcə də CMS-in bank sisteminə verəcəyi töhfələrlə bağlı ətraflı məlumat verib.

Eləcə də xəzinə departamentinin direktoru F.Ələkbərov və layihə meneceri R.Kərimli tərəfindən kredit təşkilatlarında nağd pul əməliyyatlarının CMS-ə inteqrasiya olunması ilə əlaqədar iştirakçılara təqdimat keçirilib, həmçinin tətbiq ediləcək yeni sistemə keçidlə bağlı əsas tələblər barədə məlumat verilib. Seminarda kredit təşkilatlarının nağd pul və informasiya texnologiyaları sahəsi üzrə struktur vahidlərinin rəhbərləri və həmçinin CMS layihəsi üzrə İşçi Qrupunun üzvləri iştirak ediblər.

SEYMUR




26/01/13    Çap et