Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Audiovizual əsər, fonoqram, kompüter proqramının dövlət reyestrinin aparılması qaydaları təsdiqlənib
Nazirlər Kabineti “Nüsxələrinə nəzarət markası yapışdırılması nəzərdə tutulan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrinin aparılması Qaydaları”nı təsdiqləyib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, qaydalar “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunun tətbiqi barədə respublika prezidentinin 2012-ci il 6 iyul tarixli fərmanının müvafiq bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb və nəzarət markası yapışdırılan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrinin aparılması ilə bağlı məsələləri tənzimləyir. Qaydalara görə, nüsxələrinə nəzarət markası yapışdırılan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin dövlət reyestri audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun və kitabın nüsxələrinə (bundan sonra - nüsxələr) yapışdırılan nəzarət markalarının verilməsi üçün sənədlər, nüsxələri hazırlayan (istehsal edən) və yayan hüquqi və fiziki şəxslər (hüquqi şəxsin təşkilati-hüquqi forması), nüsxələrin adları, seriyası, nömrəsi və verilmə tarixi göstərilməklə, nəzarət markalarının sayı barədə məlumatları özündə əks etdirən dövlət informasiya ehtiyatıdır.
Dövlət Reyestri (DR) Müəllif Hüquqları Agentliyi (MHA) tərəfindən aparılır. Dövlət Reyestri kağız və elektron daşıyıcılarda tərtib edilir və kağız daşıyıcıda tərtib edilən DR kitabı cildlənir, hər bir səhifəsi nömrələnir, qaytanlanır və möhürlənir. Reyestrin kağız və elektron daşıyıcılarındakı qeydlər arasında ziddiyyət olduqda, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, kağız daşıyıcıda olan qeydlər əsas götürülür.
NK “Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsindən əldə olunan vəsaitdən istifadə edilməsi və həmin vəsaitdən istifadə haqqında hesabatın dərc olunması Qaydası”nı da təsdiqləyib. Belə ki, audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun və kitabın nüsxələrinə yapışdırılan nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin (ISBN, ISMN, ISSN, ISAN, ISRC) verilməsindən əldə olunan vəsaitdən istifadə edilməsi və həmin vəsaitdən istifadə haqqında hesabatın dərc olunması bu qayda ilə müəyyən edilir.
Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsindən əldə olunan vəsait MHA-nın büdcədənkənar xüsusi vəsaitlər üzrə xəzinə hesabına köçürülür. Bu vəsaitdən nəzarət markalarının hazırlanması və verilməsi, eləcə də beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi, habelə əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə sahəsində tədbirlərin həyata keçirilməsi, o cümlədən yeni texnologiyalara uyğun olaraq sahə üzrə maddi-texniki bazanın gücləndirilməsi, mütəxəssislərin həvəsləndirilməsi və onların peşə biliklərinin artırılması üçün istifadə olunur.
HƏQİQƏT
28/01/13 Çap et