Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet və mobil telefon vasitəsilə lotereya biletlərinin satışına başlanılacaq


"Azərlotereya" ASC cari ilin I rübünün sonundan SMS vasitəsilə internetdən, "PayPoint" terminallarından və "Topaz" idman mərc oyunları məntəqələrindən lotereya biletlərinin satışına başlamağı planlaşdırır. Bu barədə ASC-nin rəhbəri Maqsud Tağıyev bildirib.

"Ötən il biletlərin onlayn satışı üçün proqram təminatını hazırlamağa başladıq. Bu iş demək olar ki, yekunlaşıb. Mart ayı ərzində bu xidməti test rejimində işə salacağıq. Biz, həmçinin saytı yeniləyirik və onun funksionallığını artırırıq", - Tağıyev deyib. Onun sözlərinə görə, biletlərin satışını artırmaq üçün ASC ötən ilin sonunda tender elan edib. "İndiyədək biletlərimiz yalnız bir distribüter tərəfindən satılırdı, lakin bu şəbəkəni genişləndirdik. Tender yolu ilə 3 şirkət seçilib.

Qaliblərdən biri indiki distribüter "Lotto Yayım" olub. Bu şirkət terminallarımız yolu ilə biletləri satır. İkinci şirkət isə "Topaz" oyunlarını təşkil edən "Azerinteltek" olub. Onlar biletlərimizi öz satış məntəqələrində satacaqlar. Belə məntəqələrin sayı 400-ü ötür. Onlarla işləmək bizə çox maraqlıdır, çünki bizim terminalların alınmasında əlavə kapital vəsaitlərinə ehtiyacımız qalmır.

Üçüncü şirkət "SIP Ltd"dir. Bu şirkət biletləri "PayPoint" terminalları vasitəsilə və SMS yolu ilə satacaq. Biz hər üç mobil operatorla işləmək niyyətindəyik", - Tağıyev vurğulayıb. Onun sözlərinə görə, ASC öz terminallarının sayını (hazırda müəssisənin balansında təqribən 300 terminal var) artırmağa davam edəcək.

RƏVAN




28/01/13    Çap et