Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Gənclərin kadr potensialı haqqında məlumat bankı” yaradılır


Azərbaycanda "Gənclərin kadr potensialı haqqında məlumat bankı" yaradılır. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Gənclər və idman nazirinin müavini İntiqam Babayev danışıb.

Onun sözlərinə görə, məlumat bankının yaradılması "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən nəzərdə tutulub. Bu istiqamətdə işin bir hissəsi artıq görülüb.

«Ötən il iyunun 20-də Nazirlər Kabinetinin qərarı ilə "Gənclərin kadr potensialı barəsində məlumat bankının yaradılması ilə bağlı Əsasnamə" təsdiq olunub» - deyən İ.Babayev bildirib ki, artıq məlumat bankının yaradılması üçün xüsusi proqram təminatının hazırlanması işləri başlanıb.

Bu banka daxil edilməsi üçün namizədlərin təqdim olunması ilə əlaqədar aidiyyəti dövlət orqanlarına sorğu və standart anket göndərildiyini söyləyən nazir müavini qeyd edib ki, bu günə kimi sorğuya əsasən nazirliyə 200-dək namizəd haqqında məlumat daxil olub".

İ. Babayevin sözlərinə görə, Gənclər və İdman Nazirliyi tərəfindən istedadlı gənclər və gənc alimlər haqqında məlumat bazası da yaradılıb. Yalnız bu baza üçün tələb olunan xüsusi proqram təminatı hazırlanır ki, bu da yaxın vaxtlarda başa çatacaq.

SEYMUR




28/01/13    Çap et