Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dini icmaların işini asanlaşdırmaq məqsədilə elektron xidmətlər yaradılıb


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni internet səhifəsi yaradılıb. Komitənin mətbuat katibi Orxan Əlinin “ICTnews.az” elektron xəbər xidmətinə verdiyi məlumata görə, sabah – yanvarın 30-da “Park Inn” otelində saytın təqdimatı keçiriləcək.

Tədbirdə dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, ölkəmizdə akkreditə olunmuş səfirlərin, dini icmaların rəhbərlərinin və media nümayəndələrinin iştirakı nəzərdə tutulub. O.Əli deyib ki, bir neçə ay öncə dini icmalar, mətbuat və ictimaiyyətin ehtiyac duyduğu məlumatları daha asan və dəqiq əldə etməsi üçün Dövlət Komitəsi yeni rəsmi saytının hazırlanmasına qərar verib.

Dini icmalar, ictimaiyyət nümayəndələri və jurnalistlər yeni saytın hazırlanması ilə bağlı fikir və təklifləri əsasında tam yeni bir sayt yaradılıb: «Saytda ölkəmizdə ilk dəfə olaraq Azərbaycanın dini xəritəsi hazırlanaraq yerləşdirilib. Bundan başqa yeni veb-saytda Azərbaycanda olan məscidlər, kilsələr, sineqoqlar, alban abidələri, ziyarətgahlar haqqında geniş məlumatlar təqdim edilib.

Dövlət Komitəsi dini icmaların işinin asanlaşdırılması məqsədilə yeni saytda elektron xidmətlər bölməsi, dini icmaların qeydiyyatı üçün sənədlərin elektron variantını yerləşdirib. Dini icmalar, o cümlədən vətəndaşlar sayt vasitəsilə onlayn şəkildə Dövlət Komitəsinə müraciət edə biləcəklər».

SEYMUR




29/01/13    Çap et